Hesablamalar göstərir ki, cari ilin yanvar-mart aylarında Azərbaycanda təbii qaz ixracı ölkə üzrə artaraq 3,2 milyard kubmetr təşkil edib. Bu da 2018-ci ilin analoji dövrünə nisbətən 27 faiz çoxdur.
Xatırladaq ki, ixrac edilən qazın həcminin artmasının əsas səbəbi "Cənub Qaz Dəhlizi" layihəsi vasitəsilə “Şahdəniz-2” qazının Türkiyəyə nəql edilməsinə başlanmasıdır. İndiyə qədər sözügedən boru kəməri vasitəsilə 1,4 milyard kubmetr kommersiya məqsədli qaz nəql edilib. Türkiyəyə qaz ötən il istifadəyə verilən TANAP boru kəmərinin birinci qolu vasitəsilə çatdırılır. Lakin yaxın tezlikdə həm TANAP vasitəsilə daha böyük həcmdə qazın nəqli, həm də Azərbaycanın bu məhsulun satışından daha böyük miqdarda gəlir götürməsi gözlənir. Çünki az müddət sonra Azərbaycan qazının Avropaya nəqlinə start verilir.
Qeyd edək ki, Azərbaycanın “Şahdəniz-2” yatağından çıxarılan təbii qazın Avropaya ötürülməsinə və bölgənin təbii qaz təchizatına töhfə verəcək TANAP-ın Əskişəhərdən Ədirnə-İpsalaya qədər uzanan 2-ci fazasında son mərhələyə başlanıb. Avropaya qaz nəqli üçün nəzərdə tutulan 2-ci fazanın istismara verilməsi çərçivəsində bu il aprelin 15-dən etibarən sistemə qaz verilməyə başlanıb. Cari ilin iyununda sistemin istismara hazırlıq işlərinin tamamlanması və Avropaya sınaq məqsədilə qazın nəqli üçün hazır vəziyyətə gətirilməsi planlaşdırılır.
Ötən ilin iyununda keçirilən beynəlxalq açılış mərasimindən sonra işə salınan və birinci fazası çərçivəsində Türkiyəyə qaz nəqlinə başlanan TANAP layihəsinin 2-ci fazası bununla son mərhələyə daxil olub. Bu faza Avropaya qaz nəqli məqsədilə kəmərin Əskişəhərin Seyitgazi bölgəsindən başlayaraq Ədirnənin İpsala bölgəsinə qədər uzanan və Türkiyə-Yunanıstan sərhədində bitən hissəsinin inşasını əhatə edir. TANAP-ın iyunun sonunda Avropaya qaz nəqli üçün hazır vəziyyətə gətirilməsindən sonra “Cənub Qaz Dəhlizi“nin son halqası olan, Türkiyə-Yunanıstan sərhədindən başlayaraq İtaliyaya qədər uzanan “Transadriatik” (TAP) boru kəmərinin tikintisinin tamamlanması və qaz axını üçün hazır vəziyyətə gətirilməsi gözlənir. TANAP vasitəsilə Avropaya kommersiya məqsədli qaz nəqlinin TAP-ın istismara verilməsi üzrə işlər tamamlanandan sonra gələn ilin əvvəlində başlaması gözlənir.
Bir daha xatırladaq ki, "Cənub Qaz Dəhlizi"nin mühüm hissəsi olan TANAP-dan Türkiyə qazpaylama sisteminə iki qol ayrılıb və onun maksimum illik ötürücülük qabiliyyəti 31 milyard kubmetrdir. Layihənin ilkin mərhələsində illik ötürücülük qabiliyyəti 16 milyard kubmetr qaz təşkil edəcək. Sınaq işlərindən sonra Türkiyə ilə yanaşı, artıq ilin sonunadək Yunanıstana da Azərbaycandan təbii qaz nəql ediləcək. Məhz bununla da Azərbaycan artıq Avropanın enerji bazarında mövqelərini daha güclü hala gətirəcək. Xorvatiyanın sabiq prezidenti Stepan Mesiç bu xüsusda vurğulayır ki, Azərbaycan bu gün Avropa İttifaqı ilə energetika əməkdaşlığını inamla genişləndirir: "Buna görə də Avropanın gələcək energetika xəritəsində "Cənub Qaz Dəhlizi"nin əsas rolu daha aydın görünür. Avropa və Azərbaycan möhkəm qarşılıqlı əlaqələrdə maraqlıdır". Burada bir məqamı da bir daha xatırladaq ki, Azərbaycan bu gün Avropanın ən böyük enerji tərəfdaşlarından biridir və təkcə iqtisadiyyata deyil, enerji təhlükəsizliyinə də öz töhfəsini verməkdədir. bu fonda isə “Cənub Qaz Dəhlizi” Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində yeni səhifə olmaqla ölkəmizə öz təbii sərvətlərini Avropa bazarlarına nəql etmək üçün yeni imkanlar qazandırır. “Cənub Qaz Dəhlizi” həm Azərbaycanın iqtisadi inkişafına, həm də Avropanın enerji təhlükəsizliyinin təmininə böyük töhfə olacaq. Özü də bunlar o zaman baş verir ki, Rusiyanın "Şimal axını-2” layihəsi ilə gözlənilməz dəyişikliklər fonunda Şərqi Avropa ölkələri Azərbaycanın "Cənub Qaz Dəhlizi"nə getdikcə daha çox maraq göstərir.
Xatırladaq ki, əvvəlki kimi bir sıra Qərb ölkələri "Şimal axını-2” layihəsinə qarşı çıxır. ABŞ-ın energetika naziri Rik Perri hətta bildirir ki, Rusiyanın "Şimal axını-2" və "Türk axını" qaz boru kəmərləri zərərli təsirlərin vasitəsidir: "Rusiya tez-tez Avropa İttifaqı və ABŞ-a qarşı zərərli taktikalarından istifadə edərək birliyimizə zərər verir. Rusiya enerji bazarı üzərindəki təsirindən yararlanaraq siyasi hədəflərini gücləndirməyə davam edir. Qaz kəmərləri də bu taktikaya xidmət edir".
Məhz bu durumda Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əsas rolun sahibinə çevrilir. Digər tərəfdən nəzərə almaq lazımdır ki, ölkəmiz burada təkcə tədarükçü kimi yox, həm də Qazaxıstan və Türkmənistan qazının tranzit ölkəsi kimi çıxış etmək imkanları da əldə edib. Artıq Avropa İttifaqı hər iki Asiya ölkəsinə Avropaya qazı Azərbaycan vasitəsilə tədarük etməyi təklif edib. Avropa İttifaqının Büdcə və İnsan Resursları Komissiyasının üzvü Günter Ottinger bu ölkələrə Azərbaycanın qaz tranziti üçün infrastruktura malik olduğunu bildirib.
Nahid SALAYEV