Ermənistan mediasında belə bir məlumat yayılıb ki, ermənilər Azərbaycanın Tərtər rayonunun işğal altındakı Suqovuşan (Madagiz) kəndi yaxınlığındakı daş kömür mədənləri vasitəsilə 400 min ton neft əldə etməyə hazırlaşırlar.
Bu haqda son açıqlamasında Xankəndidəki separatçı-terrorçu rejimin keçmiş “dövlət naziri”, “Azad vətən” “partiya”sının sədri Araik Arutyunyan məlumat verib. Onun sözlərinə görə, 2015-ci ildə Ermənistan Politexnik Universiteti Suqovuşan ərazisindəki kömür yatağında tədqiqat aparıb və sintetik yolla neft əldə etməyin mümkün olduğunu müəyyən edib. Məlum olub ki, mədəndən təxminən 400 min ton və ya 20 milyon dollarlıq “qara qızıl” əldə etmək olar. Universitet neftin istismarı sxemini də hazırlayıb. Lakin 2016-cı ilin aprel savaşı buna mane olub.
Bu məlumatın nə dərəcədə doğru olub-olmadığını yoxlamaq üçün uyğun sahənin mütəxəssislərinə müraciət etdik.
Çingiz Qaşqay: “Azərbaycan ərazisində deyilən həcmdə daş kömür ehtiyatlarının olması inandırıcı deyil”
Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya ve Geofizika İnstitutu Filiz və qeyri-filiz faydalı qazıntı yataqlarının geologiyası və geokimyası şöbəsinin müdiri Çingiz Qaşqay “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Azərbaycan ərazisində deyilən həcmdə daş kömür ehtiyatlarının olması inandırıcı deyil: “Çox nadir hallarda rast gəlinə bilər. Amma deyilən həcmdə yoxdur. Kömürdən neft almaq mümkündür. Yəni elm bunu təsdiqləyir. Amma çox bahalı prosesdir. Ona görə də nefti olan ölkələr bu prosesə getmir. Çünki həmin proses neftin çıxarılmasından da baha başa gəlir”.
Hikmət İbrahimov: “Azərbaycan neftin alına biləcəyi kömürlə yox, yanar şistlər deyilən yataqlarla zəngindir”
AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun direktor müavini Hikmət İbrahimov da qəzetimizə açıqlamasında ermənilərin iddialarının ciddi əsasının olmadığını bildirdi: “Əgər söhbət daş kömürdən gedirsə, bu inandırıcı deyil. Çünki Azərbaycanda belə yataqlar yoxdur. Amma Azərbaycan neftin alına biləcəyi kömürlə yox, yanar şistlər deyilən yataqlarla zəngindir. Ola bilər ki, ermənilər bu istiqaməti nəzərdə tuturlar. Çünki ölkəmizdə yanar şistlərin olduğu zəngin yataqlar var. Sadəcə, Azərbaycanda neft olduğuna görə həmin şistləri emal edib neft almaq perspektivli görünməyib. Deyilən istiqamət olduqca bahadır. Daşa bənzəyən həmin təbii ehtiyadan yüksək temperatur və təzyiqlə yanan hissəcikləri almaq olur. Yəni neftin tərkibində olan yanacaq növlərini almaq olar. Hətta bizim kimi iqtisadi gücü olan ölkəyə belə həmin ehtiyatları neftə çevirmək rentabelli deyil. Bir daha deyim ki, bahalı prosesdir. Təbii ki, Ermənistanın buna heç gücü çatan deyil. Prinsip etibarilə, neft olmayan zaman, məcburiyyətdən buna cəhd etmək olar”.
Məhəmmədəli QƏRİBLİ