NATO ilə Rusiya arasındakı gərginlik özünün ən pik həddinə çatıb. Belə ki, Rusiyanın xarici işlər nazirinin müavini Aleksandr Qruşko aprelin 15-də Rusiyanın NATO ilə mülki və hərbi əlaqələr üzrə əməkdaşlığı tamamilə dayandırdığını bildirib.
O, həmçinin, İttifaqın nümayəndələrini hərbi xətt vasitəsilə iş əlaqələrini dayandırmaqda ittiham edib və bu qərarı absurd adlandırıb: “Bugünkü Rusiya-NATO əlaqələri elə NATO-nun “soyuq müharibə” dövründə yaradıldığı adi vəziyyəti xatırladır. NATO-nun Rusiya ilə münasibətlərinin yaxşılaşacağı gündəmdə deyil. Belə bir şey yoxdur. NATO-nun bu dalandan necə çıxacağının əlamətləri yoxdur”.
Qruşko bildiirb ki, NATO-nun ötən il ərzində hərbi xərcləri trilyon dolları ötüb, bu isə “Rusiyanın hərbi müdafiə xərclərindən 22 dəfə çoxdur”. O qeyd edib ki, Moskva NATO ilə hərbi büdcələri qurmaq üçün yarışa qatılmayacaq, amma iqtisadi, dəqiq və səmərəli vasitələrə diqqət yetirəcək: "NATO ilə silahlı münaqişəyə gəldikdə, sağlam düşüncəli insanlar bunun baş verməyəcəyinə ümid edirlər. Bu, bəşəriyyət üçün fəlakət ola bilər. Əminəm ki, bunu Vaşinqtonda da, Brüsseldə də bilirlər”.
Daha əvvəl NATO nümayəndələri Rusiya ilə münasibətlərin kəsilməsinə görə məsuliyyəti Kremlin daşıdığını deyərək, dəfələrlə Rusiyanı təcavüzkar siyasətdən əl çəkməyə çağırıblar.
NATO-nun baş katibi Yens Stoltenberq aprelin əvvəlində ABŞ Konqresində çıxış edərək "Biz mübarizə aparmaq deyil, qarşısını almaq istəyirik. Rusiyanı təcrid etmək istəmirik, amma Rusiya ilə daha yaxşı qarşılıqlı əlaqə qurmaq istəyirik” deyib.
Onun fikrincə, Rusiyanın NATO ilə dialoqu bərpa etməsi üçün lazım olan addımlar arasında orta və qısaməsafəli raketlər haqqında sazişə qayıdılması, Kerç boğazında tutulan ukraynalı dənizçilərin azad edilməsi, Donbasda vurulan Malayziya “Boeinq”inin günahının boynuna alınması və Donbasla bağlı Minsk sazişinə riayət etməsi əsas müddəalardır.
Artıq tərəflər arasında Qara dəniz hövzəsində də münasibətlər gərginləşmək üzrədir. ABŞ-ın Hərbi Dəniz Qüvvələrinə məxsus "Ross" gəmisinin Qara dəniz hövzəsində Rusiya gəmiləri tərəfindən izləndiyi bildirilir. Qeyd olunur ki, Qara dəniz hövzəsinə daxil olduqdan sonra "Ross"u donanmanın sahil radiotexniki vasitələri nəzarətə götürüb. Bundan əlavə, Amerika gəmisinin "Vasiliy Bıkov" patrul gəmisi və "İvan Xurs" kəşfiyyat gəmisi tərəfindən müşahidə edildiyi bildirilir.
Son illər Rusiya öz sərhədləri yaxınlığında NATO-nun indiyə qədər görünməmiş aktivliyi ilə üzləşir. NATO bunu "Rusiya aqressiyasının saxlanması" adlandırır. Bu arada Kremldə vurğulanır ki, Moskva digər ölkələr üçün təhdid deyil, lakin onun maraqları üçün təhlükə olan hərəkətləri cavabsız qoymayacaq.
Artıq Rusiyanın Çinlə birgə hərbi təlimlərə başlamasını da NATO-ya verilən cavab kimi xarakterizə edirlər. Rusiyanın xarici işlər naziri Lavrovun bu xüsusda verdiyi açıqlama xüsusilə diqqəti çəkir. NATO ilə yaşanan gərginliyin fonunda Lavrov deyib ki, biz Rusiya sərhədlərinin bütün perimetri boyu xoşniyyətli qonşuluq kəmərlərini möhkəmləndirəcəyik. Rusiyanın sərhədlərinin perimetrinə biz də düşürük. Lavrovun bu açıqlamasından hansı nəticəni çıxarmaq olar və hadisələrin bu gedişi Azərbaycan-NATO münasibətlərinə necə təsir göstərə bilər?
Politoloq Əhəd Məmmədli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, NATO ilə Rusiya arasındakı münasibətlər hər zaman gərgin olub: “Rusiya, faktiki olaraq, SSRİ-nin siyasi varisidir. Bu baxımdan da Rusiya-NATO münasibətlərinə SSRİ-NATO münasibətləri kontekstindən də yanaşa bilərik. “Soyuq müharibə” dönəmində SSRİ ilə NATO arasında ciddi silah yarışması həyata keçirilirdi. Sonda bu rəqabətdə SSRİ uduzdu və bunun da məntiqi sonluğu quruluşun dağılması ilə yadda qaldı. İndi də məsələ elədir. Rusiya özündən qat-qat güclü olan bir Alyansla rəqabətə girişib. NATO-ya daxil olan ölkələrin iqtisadi gücləri həddən artıq çoxdur. Rusiya desə də ki, rəqabət aparmır, bunu inandırıcı saymaq olmaz. Məhz silah rəqabətinin aparılması həmin ölkənin iqtisadiyyatını sarsıdır. Lavrovun yumşaq dillə ifadə etdiyi xəbərdarlığa gəldikdə isə, bəli, ondan bizə də pay düşür. Çünki biz həmin sərhəddə yerləşirik. Bilirsiniz ki, Azərbaycan xarici siyasət kursunda balanslı siyasət həyata keçirir. Həm NATO, həm də Rusiya ilə eyni məsafədə dayanır. Güman edirəm ki, bu siyasət davam ediriləcək. Təbii ki, Rusiya bizi müəyyən provokasiyalara çəkməyə cəhd edəcək. Ona görə də biz buna ciddi şəkildə hazır olmalıyıq. Xüsusən də bu gərgin məqamlarda biz NATO üzvü olan, eyni zamanda, Rusiya ilə yaxın dostluq edən qardaş Türkiyə ilə birlikdə addımlamalıyıq. Çalışmalıyıq ki, bu iki nəhəng gücün qarşıdurmasından zərərsiz çıxaq. Bu bizim oyunumuz deyil, ona görə də neytral qalmağımız, provokasiyalara uymamağımız daha məqsədəuyğundur”.
Məhəmmədəli QƏRİBLİ