Azərbaycan narkotiklərlə mübarizə sahəsində olduqca aktivdir və bu istqamətdə mühüm tədbirlər həyata keçirir. Ölkəmizin evsahibliyi ilə keçirilən Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfrans da göstərir ki, Azərbaycan bu qlobal təhlükənin aradan qaldırılması sahəsində səylərini əsirgəmir və bu yöndə beynəlxalq qurumlarla əməkdaşlıq edir.
Qeyd edək ki, Ermənistan silahlı qüvvələri tərəfindən işğal altında saxlanan Azərbaycan torpaqlarından ermənilər narkoticarət məqsədilə istifadə edirlər. Artıq bütün dünyaya məlumdur ki, Azərbaycan torpaqlarında ermənilər narkotik istehsalı ilə məşğul olur, onun satışını, bütün yer üzünə yayılması prosesini həyata keçirirlər. Ermənilər işğal etdikləri Azərbaycan torpaqlarında narkotik əkir, satır, satışdan əldə etdikləri külli miqdarda maliyyədən isə öz çirkin niyyətlərini həyata keçirmək üçün istifadə edirlər.
Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransın Bakıda keçirilməsi işğal olunmuş Azərbaycan torpaqları ilə, bütövlükdə, Dağlıq Qarabağla bağlı problemin dünyaya çatdırılması istiqamətində nə kimi mesajlar verdi?
Şəmsəddin Əliyev: “Belə bir mühüm tədbirin Bakının evsahibliyi ilə keçirilməsi...”
Tanınmış hüquqşünas Şəmsəddin Əliyev “Bakı-Xəbər”ə bildirdi ki, belə mühüm tədbirin Azərbaycanda keçirilməsinin böyük əhəmiyyəti var və bu tədbirdə səsləndirilən fikirlər ermənilərin çirkin əməllərinin ifşa edilməsində böyük rol oynayır. Ermənistanın işğal altında saxladığı Azərbaycan torpaqlarında narkotik əkməsinin, həmin zərərli məhsulun dünyaya çıxarmasının bəşəriyyət üçün təhlükəli olduğunu deyən Ş.Əliyev hesab edir ki, dünya dövlətləri bu məsələ ilə bağlı mövqe sərgiləməlidirlər. “Bütün dünyada narkobiznes və narkotik vasitələrin dövriyyəsi ilə bağlı həyəcan təbilinin çalınması zamanıdır. Ümumiyyətlə, bütün dünyada bu sahədə cinayətlərin sayında aybaay artım müşahidə olunur. Təbii ki, bu problem Azərbaycanda da var. Bizim artıq ciddi narahatlığımız Azərbaycanın işğal altında olan ərazilərindən dünyaya ermənilər tərəfindən narkotik vasitələrinin yayılmasıdır. Sirr deyil ki, narkotik vasitələr Ermənistanın işğal altında saxladığı ərazilərdən Avropaya, eləcə də dünyanın digər yerlərinə daşınır. Bu da Azərbaycana ögey münasibət bəsləyən bəzi dövlətlər, cinayətkar qruplar tərəfindən dolayı yollarla Azərbaycana da gətirilir. Hesab edirəm ki, belə bir mühüm tədbirin Bakının evsahibliyi ilə keçirilməsi Ermənistanın Azərbaycanın işğal altında saxladığı torpaqlarda narkotik vasitələr əkməsinin, eləcə də həmin məhsulları dünyaya ixrac etməsinin dünya üçün qlobal təhlükə olmasını ifadə edən bir mesajdır. Azərbaycan bununla bir daha dünyaya mesaj verir ki, Dağlıq Qarabağ problemi beynəlxalq hüquq çərçivəsində həll edilmirsə, Azərbaycanın ərazi bütövlüyü təmin olunmursa, ermənilərin o torpaqlarda həyata keçirdikləri narkotik cinayətləri bütün bəşəriyyət üçün təhlükədir. Ölkəmiz dünyaya bu çağırışı edir ki, Azərbaycan torpaqları işğaldan azad edilməyincə, bəşəriyyət üçün bu sosial bəlanın əhatə dairəsi daha da genişlənəcək. Azərbaycan dünyaya bu mesajı verdi. Düşünürəm ki, Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransın Bakıda keçirilməsi Azərbaycan dövlətinin, diplomatiyasının sayıqlığı və uzaqgörənliyidir. Hesab edirəm ki, bu tədbirin səmərəsi olacaq” - deyə Ş.Əliyev bildirdi.
İradə SARIYEVA