“Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə aparılan danışıqlar davam edir. Tərəflər danışıqlarda dürüst və eyni dalğada olmalıdır”. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan nazirlərin Moskva görüşünü şərh edərkən deyib.
Daha sonra Paşinyan erməni xislətinə xas olan tərzdə riyakarcasına və heç bir əndazəyə sığmayan formada Azərbaycanı münaqişənin hansı yolla həllinə tərəfdar olduğunu dəqiqləşdirməyə çağırıb: “Davos, Vyana, Sankt-Peterburq və Düşənbədəki görüşlərin ruhu sülh yolu ilə nizamlanma üzərində işləmək zərurətindən irəli gəlirdi. Ümid edirəm ki, bu impulslar səmimidir, çünki kimsə danışıqlar masası arxasında başqasını aldatmağa çalışsa, onda heç nə alınmayacaq və biz yanlış yerə gedib çıxacağıq. Biz (Ermənistan) sonadək sülhü təşviq etmirik. Biz, ümumiyyətlə, heç nəyi təşviq etmirik, amma problemin həlli üçün müəyyən platformanın yaradılmasını təklif edirik. Ermənistanı müharibə ilə qorxuda bilməzsiniz. Biz də heç kimi müharibə ilə qorxutmuruq. Onda gəlin nəhayət qərar verək – məsələni sülh platformasında həll edək, ya yox. İstənilən sağlam düşüncəli insan sülh variantı üzərində işləməlidir. Əks halda, danışıqların mənası yoxdur”.
Qeyd edək ki, aprelin 15-də Moskvada Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla Ermənistanın XİN rəhbəri Zohrab Mnatsakanyan arasında görüş keçirilib. Görüşdə Minsk Qrupunun həmsədr ölkəsinin xarici işlər naziri kimi Rusiya XİN başçısı Sergey Lavrov da iştirak edib. Daha sonra Minsk Qrupunun həmsədrləri Dağlıq Qarabağ probleminin həlli istiqamətində nazirlərin üçtərəfli danışıqlarına qatılıblar.
Sözügedən görüşü Paşinyanın provokativ formada şərh etməsi və Azərbaycanı həyasızcasına seçim etməyə çağırması açıq-aşkar Ermənistan baş nazirinin danışıqlarda səmimi olmadığını göstərir. Bu onu göstərir ki, Ermənistan tərəfi yenə də danışıqların nəticəsiz müstəvidə davam etməsində maraqlıdır. Çünki Paşinyanın danışıq tonu bu qənaətə gəlməyə əsas verir.
Maraqlıdır, bəs ekspertlər Paşinyanın aqressiv və pozucu tərzdə danışıqlarla bağlı açıqlama verməsini necə şərh edirlər?
Əli Orucov: “Ermənistanı sülhə məcbur etmək üçün ordu öz qətiyyətini göstərməlidir”
Məsələyə münasibət bildirən AMİP funksioneri Əli Orucovun sözlərinə görə, Paşinyan hər dəfə danışıqlarla bağlı radikallığını artırır: “Onun məlum şərhi bir daha bunu göstərdi. Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskvada keçirdikləri sonuncu görüşü şərh edən erməni baş nazirin necə riyakar və ikiüzlü olduğunu bir daha gördük. Paşinyan açıqlaması ilə bunu açıq formada göstərdi. Bir tərəfdən müharibə, yeni işğal hədələri ilə çıxış edən Paşinyan guya sülhə hazır olduğunu göstərməyə çalışır. Azərbaycanın mövqeyinin yenidən müəyyənləşdirilməsinə ehtiyac yoxdur. Çünki Azərbaycanın münaqişə ilə bağlı mövqeyi aydındır. Həmçinin, ərazi bütövlüyü çərçivəsində kompromislərə hazırdır. Bunun o tərəfi separatçı rejimə müstəsna status verməkdir. Ona da Azərbaycan getməyəcək. Çünki dövlət içində dövlət yaratmaq mümkün deyil. Lakin Ermənistan tərəfi hər dəfə sülhə çox yaxın olan nadir vəziyyətlərdə destruktiv addımlara və təxribatlara yol verərək sülh prosesini pozub. İndi də eyni siyasi kurs davam etdirilir. Yəni hər necə olursa-olsun, danışıqlar prosesini dalana dirəmək istəyirlər. Hər kəsə məlumdur ki, Ermənistan işğalçılıq siyasətinə haqq qazandırmaq və torpaqları işğalda saxlamaq üçün hər varianta əl atır. Əslində, erməni tərəfi sülhə hazır deyil. Eyni zamanda, təxribatçılıqla məşğuldur. Ermənistanı sülhə məcbur etmək üçün ordu öz qətiyyətini göstərməlidir”.
Vidadi ORDAHALLI