Türkiyənin yaxın tezlikdə Rusiyadan alacağı S-400 zenit-raket komplekslərini müvəqqəti olaraq Azərbaycanda yerləşdirə biləcəyinədair məlumatlar işğalçı Ermənistanda böyük ajiotaj yaradıb. Türkiyənin hansı məqsədlə belə bir addım atacağı dəqiq bilinməsə də, hesab edilir ki, bu hal Vaşinqton və Ankara arasında gərginliyi, əslində müəyyən qədər yumşalda bilər.
Aydındır ki, Türkiyənin belə bir istəyi olsa, Azərbaycan buna etiraz etməyəcək. Türkiyə mediası da məsələyə bu prizmadan yanaşır və yazır ki, Türkiyə Rusiyadan aldığı S-400 havadan müdafiə sistemlərini müvəqqəti olaraq Azərbaycanda və ya Qətərdə saxlaya bilər. Qeyd edək ki, daha öncə S-400 zenit raket komplekslərinin hərbi heyətinin Azərbaycanda təlimlər keçəcəyi ilə bağlı xəbər verilmişdi. Bunun üçün türk hərbçilərin Rusiyadan əvvəl Azərbaycana gələcəkləri gözlənir. Bildirilir ki, Türkiyə S-400 zenit-raket komplekslərini almazdan əvvəl hərbçilərinin müvafiq kurs keçməsini təşkil etmək istəyir. Onlar Azərbaycanda, xüsusilə S-300 raketləri ilə yaxından tanış olacaqlar. Heyət yaz aylarının sonunda Rusiyaya üz tutacaq, 2020-ci ilin yanvarında isə Ankaraya qayıdacaq.
Qeyd olunduğu kimi, Ankaranın S-400 raketlərini Azərbaycan ərazisində yerləşdirib- yerləşdirməyəcəyi hələ dəqiq bəlli deyil. Amma bu hal indidən Ermənistanda böyük təşvişə yol açıb. Ümumiyyətlə, hələ lap əvvəldən Türkiyə ilə Rusiya arasında S-400 raketlərinin təchizatına dair əldə edilmiş razılaşma Ermənistan siyasi-hərbi dairələrində böyük narahatlıqla izlənməkdədir. Ermənilər bildirir ki, Rusiya Azərbaycanla kifayətlənməyib ermənilərin digər düşməninə, yəni Türkiyəyə də müasir silahlar satır. İddia olunur ki, bu hal uzunmüddətli planda Ermənistana təhlükə yaradacaq. Bundan əvvəl isə Ermənistandakı Beynəlxalq Münasibətlər və Təhlükəsizlik Məsələləri İnstitutunun rəhbəri Stefan Səfəryan vurğulayırdı ki, Türkiyə Rusiyadan almağa hazırlaşdığı S-400 "Triumf” zenit-raket komplekslərindən birini Naxçıvanda yerləşdirə bilər: "Əgər başqa yerlərdə Türkiyə Azərbaycana kömək edə bilməsə də olduqca əlçatan olan Naxçıvanda Hava Hücumundan Müdafiə sistemləri yerləşdirə bilər. Naxçıvan isə Türkiyə və Azərbaycan tərəfdən möhkəmləndirildikdən sonra İrəvanı və bütün Ararat vadisini təhdid edəcək. Xüsusən də nəzərə alanda ki, Azərbaycanla Türkiyə arasında qarşılıqlı hərbi yardım haqqında müqavilə imzalanıb. Bu müqavilənin məzmunu məlum deyil, lakin Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq ağlasığmaz dərəcədə dərindir. Deməli, bu planda S-400 sistemlərinin verilməsi Ermənistanı narahat etməlidir”. Məhz belə vəziyyətdə Türkiyə mediasında S-400 sistemlərinin Azərbaycanda yerləşdirilə biləcəyinə dair məlumatlar yayması erməniləri kifayət qədər ciddi şəkildə narahat edir.
Erməni ekspertlər Türkiyə tərəfinin S-400 sistemlərindən birinin Ermənistanla sərhəddə yerləşdiriləcəyi haqda bəyanatlarını bu fonda yenidən xatırladır. Bildirilir ki, həmin sistemlər artıq təkcə Türkiyənin müdafiəsi üçün deyil, Azərbaycanın maraqları üçün də istifadə olunacaq. Erməni mediası isə yazır ki, Rusiyanın hərbi müdafiəsi Ermənistan üçün o qədər də etibarlı olmayıb və yeni proseslər də bunun təsdiqidir.
Hazırda ermənilərin əsas ümidi S-400 sistemlərinin Türkiyə tərəfindən alınmasını əngəlləmək üçün ABŞ-ın Ankaraya təzyiqlərinədir. Amma Anadolu Aydınlar Ocağının sədri İbrahim Öztək bildirir ki, Ankara istənilən halda tezliklə S-400 sistemlərinə sahib olacaq. Öztək xatırladıb ki, hələ 22 iyun 2012-ci ildə Suriya Türkiyəyə məxsus "RF-4E Fantom" tipli bir qırıcını vurub: "Müharibənin lap əvvəlindən Suriyadan Türkiyə ərazisinə xeyli raketlər atılırdı. Ölən və yaralananlar oldu. Halbuki, o tarixdə düşmən hücumlarından qorunmaq üçün ABŞ, Almaniya və Hollandiyada hava hücumundan müdafiə sistemləri olan "Patriot" raketləri gətirilərək Türkiyə sərhədlərinə yerləşdirilmişdi. Fəqət bu sistemlər heç bir raketin qarşısını ala bilmədi. Bir işə yaramadığını görüb, 2015-ci ildə bu sistemləri sökərək geri qaytardılar. İndi Türkiyə müdafiəsini gücləndirmək üçün S-400 sistemlərini almaqda israrlıdır və ABŞ-ın etirazları da burada hansısa rol oynamayacaq". Onun sözlərinə görə, Birləşmiş Ştatlar Koreya müharibəsindən sonra Türkiyəni daim aldadır və onunla oyun oynayır: "Müttəfiqliyimiz həmişə ABŞ-ın xeyrinə olur. O, dost görünüb, daim düşmənçilik edir. Baş verən önəmli hadisələr göstərir ki, ABŞ bizim dostumuz deyil. ABŞ Marşal yardımları ilə bizim gözümüzü bağlayıb və Türkiyədə olan üç təyyarə fabrikini qapayıb. İllər öncə Yunanıstanın Rusiyadan Türkiyəyə qarşı aldığı və Krit adasına yerləşdirdiyi "S-300" raketləri ilə bağlı səsini çıxarmadı". Onun sözlərinə görə, Birləşmiş Ştatların Suriyadan çıxmasının önəmi qalmayıb. Çünki Amerika Suriyada on hərbi baza qurub: "Colan təpələrini İsrail ərazisi kimi tanıyan ABŞ yaxında Suriyada kürd dövlətini elan etməkdən çəkinməyəcək. Bu gün Suriya neftindən çox Aralıq dənizinin şərqində olan neft-qaz dəyər qazanıb. ABŞ, Avropa İttifaqı, Kipr, Misir, İsrail, Livan və Qətərin işbirliyi Türkiyə əleyhinə formalaşmaqdadır. Türkiyə dörd bir tərəfdən mühasirəyə alınıb. Mühasirə daim daralmaqdadır, ətrafımızda heç bir dostumuz qalmayıb". Bu vəziyyətdə ekspert Rusiya və Türkiyə arasında yaxınlaşmanın davam edəcəyini də vurğulayır.
Tahir TAĞIYEV