Hakim Yeni Azərbaycan Partiyasının üzvü, deputat Aydın Mirzəzadə maraqlı təkliflə çıxış edib. O təmsil etdiyi partiyanın müxalif cameə ilə dialoqlara hazır olduğunu deyib:
“Müxalifət tərəfindən hər hansı məsələnin müzakirəsi ilə bağlı təkliflər edilsə, bu, nəzərdən keçiriləcək. Dialoq ümumilikdə götürdükdə mühit deməkdir. Tərəflərin öz mövqeyini bildirməsi, qanun və sivillik çərçivəsində polemikaya gedilməsi, öz arqumentlərini irəli sürməklə söhbət aparılmasıdır.
Aydın Mirzəzadə: “Siyasi təsisatlar olaraq, onlar ancaq siyasi partiya ilə dialoq apara bilərlər”
Hesab edirəm ki, bu məsələdə problem yoxdur. Sosial şəbəkələrdə fərqli fikirlərin yayılmasını, iqtidar-müxalifət polemikasını görürük. Birbaşa dialoq səviyyəsində görüş məsələsinə gəldikdə isə, Yeni Azərbaycan Partiyası hər zaman görüşlərə, dialoqlara hazırdır. Bu münasibətə qapıları həmişə açıqdır. Müxalifət tərəfindən görüşlə, hər hansı məsələnin müzakirəsi ilə bağlı təkliflər olarsa, bu, nəzərdən keçiriləcək. Üzv olduğum partiya hər zaman Azərbaycanda demokratiyanın olmasına çalışır, müxtəlif fikirlərin səsləndirilməsinə hörmətlə yanaşır”.
Maraqlıdır, bəs müxalif dairələr necə, hakim partiya tərəfindən səsləndirilən bu çağırışa razıdırlarmı?
Tural Abbaslı: “Biz istərdik ki, Prezidentin özünün də iştirakı ilə ölkənin tanınmış müxalif partiyalarının qatılacağı “dəyirmi masa” keçirilsin”
Müxalif Ağ Partiyanın sədri Tural Abbaslı qəzetimizə açıqlamasında bildirdi ki, onlar dialoq təklifinə çox müsbət yanaşırlar: “Amma hesab edirəm ki, belə bir təklif bir partiya funksioneri səviyyəsində səsləndirilməməlidir. Hesab edirəm ki, bu təklif hakimiyyət adından danışmaq səlahiyyəti olan daha böyük vəzifə sahibi tərəfindən irəli sürülməlidir. Yəni medianın xoşuna gəlsin deyə növbətçi bir bəyanat kimi verilməməlidir. Şəxsən mən hesab edirəm ki, biz bu dialoqu YAP-la deyil, hakimiyyətlə aparmalıyıq. Çünki problemlərin çözülməsi kimi səlahiyyətlər partiyanın deyil, hakimiyyətin əlindədir. Şəxsən biz istərdik ki, Prezidentin özünün də iştirakı ilə ölkənin tanınmış müxalif partiyalarının qatılacağı “dəyirmi masa” keçirilsin. Hesab edirəm ki, bu, mədəniyyət xadimləri ilə baş tutdusa, partiyalarla da baş tuta bilər. Həmin “dəyirmi masa”da biz ölkə qarşısında duran problemləri dialoq vasitəsilə müzakirə edib, həllinə nail ola bilərik. Bir daha deyirəm ki, biz təklifi daha səlahiyyətli adamların dilindən eşitmək istərdik”.
Xəzər Teyyublu: “Yaxşı olar ki, taleyüklü problemlərimizlə bağlı olan müzakirələr üçün hakim partiyanın özü müxalifəti bir masa arxasına dəvət etsin”
Klassik Xalq Cəbhəsi Partiyasının funksioneri Xəzər Teyyublu “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, hakim partiya tərəfindən belə bəyanatların səslənməsinin çox şahidi olublar: “Hesab edirəm ki, dialoqun olması üçün zəruri mühit yertişməlidir. Hələ ki, biz belə ağır böhranı müşahidə etmirik. Belə bir dialoq keçirilsə, ən vacib olan Dağlıq Qarabağ məsələsidir. Həmçinin, azad seçkinin keçirilməsi ilə bağlı olan məsələdir. Əlbəttə, bu məsələdə müxalifət dövlətçilik mövqeyindən çıxış edir. Aydın Mirzəzadə belə bir təklifi niyə müxalifətdən gözləyir? Yaxşı olar ki, taleyüklü problemlərimizlə bağlı olan müzakirələr üçün hakim partiyanın özü müxalifəti bir masa arxasına dəvət etsin. Belə bəyanatlar indiyə qədər çox olduğundan, səmimiliynə inanmıram. Bəlkə də bunun nəticəsidir ki, biz ciddi məsələlərlə bağlı bir araya gələ bilmirik. Ölkədəki siyasi partiyaların fəaliyyətində bir durğunluq var. Bu səbəbdən də partiyaların heç də hamısı ölkənin ictimai-siyasi həyatında yaxından iştirak edə bilmir. Hər halda, istərdik ki, Aydın müəllimin səsləndirdiyi fikirlər reallığa çevrilsin. Mən istərdim ki, Qarabağ və azad seçki naminə belə bir dialoq baş tutsun. Həmin tədbirə hakim partiya heç bir ayrıseçkilik salmadan bütün siyasi müxalifəti dəvət etməlidir. Belə olsa, heç bir müxalif partiya bundan qaça bilməz”.
Müxalif partiya nümayəndələrinin dialoq formatına fərqli yanaşması və onların birbaşa Prezidentlə görüşmək istəməsi ilə bağlı reaksiyasına hakim partiya adından dialoqa hazır olmaları ilə bağlı təklifi irəli sürən YAP funksioneri, millət vəkili Aydın Mirzəzadənin özünün münasibətini öyrəndik. O, “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, onun təklifində siyasi partiyalar arasındakı dialoqdan söhbət gedib: “O ki, qaldı Prezidentə, cənab İlham Əliyev bütün Azərbaycan vətəndaşlarını təmsil edir. İqtidarlı-müxalifətli bütün vətəndaşların problemlərinin həllində səlahiyyətli şəxs sayılır. Onun hansısa dialoqda bir tərəfi təmsil etməklə iştirakına ehtiyac yoxdur. Bu başqa məsələ ki, siyasi müxalifətin nümayəndələri hansısa bir problemin həllini dövlət başçısı qarşısında qaldıra bilərlər. Bunu yazılı şəkildə, təklif formasında da edə bilərlər. Ancaq siyasi təsisatlar olaraq, onlar ancaq siyasi partiya ilə dialoq apara bilərlər”.
Məhəmmədəli QƏRİBLİ