Qazaxıstan Respublikasının ilk prezidenti, qazax xalqının lideri Nursultan Nazarbayev Ermənistanın baş naziri Nikol Paşinyana qarşı saymazlıq edərək, bu ölkənin həbsdə olan ikinci prezidenti Robert Köçəryana məktub göndərib. Məktubda Nazarbayev onu Qazaxıstanda gedən daxili-siyasi proseslər və dəyişikliklər barədə məlumatlandırıb.
Köçəryanın ofisinin mətbuat xidmətinin yaydığı məlumata görə, məktubda Nazarbayev Köçəryanın prezidentliyi dövründə onunla birgə işlədikləri illəri sevgi və səmimiyyətlə xatırladığını vurğulayıb. Həmçinin, ümid edib ki, Köçəryanla bundan sonrakı şəxsi əlaqələri davam edəcək.
Məlumat üçün qeyd edək ki, 2008-ci il martın 1-də ölkədə keçirilən etiraz aksiyalarının dağıdılması zamanı 10 nəfərin ölümü və ölkənin konstitusiya quruluşunu devirmək cəhdi ilə əlaqədar açılan cinayət işi çərçivəsində ittiham olunan Köçəryan ötən il dekabrın 7-də yenidən həbs olunub. Qazaxıstanın keçmiş prezidenti N.Nazarbayev martın 20-də istefa verib.
Nazarbayevin Köçəryana məktub yazması Ermənistan ictimaiyyətində, xüsusən də siyasi dairələrində xoş qarşılanmayıb. Erməni ekspertlərə görə, Qazaxıstan liderinin hazırda ölkəsində baş verənlərlə bağlı Ermənistanda real hakimiyyət sahibini deyil, həbsdəki sabiq prezidenti məlumatlandırması Paşinyana qarşı birbaşa təhqirdir. Bu onu göstərir ki, Paşinyan öz pozucu qərarları ilə KTMT və Avrasiya İqtisadi İttifaqındakı hərbi-siyasi və iqtisadi müttəfiqlərinin güvənini hələ də qazana bilməyib. Onların fikrincə, Nazarbayevin Köçəryana məktubu həm də Paşinyanın bir siyasətçi kimi avtoritetinin olmadığını sübut edir.
Görünən odur ki, Nazarbayevin məlum məktubu və orada səslənən fikirlər həm Paşinyana etimadsızlığın göstəricisidir, həm də Köçəryanın siyasi perspektivinə, bir növ, dolayı dəstək verməsi anlamına gəlir. Nazarbayev hazırda prezident olmasa da, adi bir şəxs deyil.
Yeri gəlmişkən onu da qeyd edək ki, ötən ilin dekabrında Rusiya Prezidenti Vladimir Putin həbsdə olan Köçəryana yeni illə bağlı təbrik məktubu ünvanlamışdı. Bütün bunlar Paşinyana göstərilən saymazyana münasibətin əyani göstəricisidir. Paşinyanın azca nüfuzu olsaydı, hər halda bu kimi məqamlar nəzərə alınardı.
O baxımdan, Nazarbayevin məlum addımını ekspertlər necə dəyərləndirirlər?
Fikrət Sadıqov: “Bunu Köçəryana münasibətdə bir siyasi jest kimi də qəbul etmək olar”
Məsələyə münasibət bildirən keçmiş diplomat, politoloq Fikrət Sadıqovun sözlərinə görə, Nazarbayevin Köçəryana məktubu, əslində, siyasi baxımdan Paşinyana zərbədir: “Baxmayaraq ki, Nazarbayevlə Köçəryan eks-prezident statusuna malikdirlər. Köçəryan prezident olanda Nazarbayevlə xüsusu özəl münasibətlərə malik olması o qədər də bilinməyib. Daha dəqiq desək, belə bir halı xatırlamıram. Onların münasibətləri MDB və KTMT çərçivəsində adi münasibətlər idi. Tərəflər arasında ola bilsin müəyyən ikitərəfli münasibətlər olub, amma bu elə də nəzərə çarpmayıb. Qazaxıstan daha çox Azərbaycanın maraqlarını dəstəkləyib. Ermənistan Gömrük İttifaqına qəbul olunanda Serj Sarkisyan istəyirdi ki, Dağlıq Qarabağ da həmin imkanlardan istifadə etsin. Ancaq Nazarbayev buna imkan vermədi və Sarkisyandan sözügedən məsələ ilə bağlı izahat istədi. Ona xatırlatdı ki, Gömrük İttifaqı Dağlıq Qarabağa şamil olunmur. Beləliklə, sözügedən məsələyə nöqtə qoyuldu. Hazırda Nazarbayevlə Köçəryan istefadadırlar. Ancaq indiki məqamda Nazarbayevin Ermənistanın keçmiş prezidentinə məktub ünvanlaması müəyyən suallar yaradır. Ola bilsin ki, Nazarbayev Rusiya ilə həmrəyliyini göstərir. Ancaq bütün bunlarla yanaşı, Nazarbayevin məktubu, dolayısı da olsa, Paşinyana və onun hakimiyyətinə bir zərbədir. Çünki Ermənistanla müəyyən ittifaqlarda təmsil olunan ölkələr artıq başa düşürlər ki, Paşinyanın siyasi xətti onlara zərər vurur. Söhbət Paşinyanın KTMT sədrinin seçilməsi məsələsində tutduğu pozucu mövqedən və digər məsələlərdən gedir. Ona görə də bu kimi məsələlərdə Paşinyanın mövqeyini nəzərə almırlar. O baxımdan, Nazarbayevin məlum davranışını Köçəryana münasibətdə bir siyasi jest kimi də qəbul etmək olar. Bütün hallarda, Qazaxıstan, faktiki olaraq, Paşinyanın maraqlarına zərbə vurur”.
Vidadi ORDAHALLI