Yunus Oğuz: “Sevindirici haldır ki, “Səs” İnformasiya Agentliyi Azərbaycanın haqq səsini bütün dünyaya yayır” İlham Quliyev: “Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında onun xüsusi rolu var” Şakir Ağayev: “Səs” İnformasiya Agentliyi bu 10 ildə möhkəmlənən, öz ayaqları üstə durmağı bacaran bir informasiya agentliyinə çevrilib” Vüqar Rəhimzadə: “Hesab edirəm ki, “Səs” İnformasiya Agentliyinin kollektivi bu 10 ildə kifayət qədər uğurlu yol qət edib”
10 il əvvəl doğulsa da, nəinki Azərbaycana, eləcə də bütün dünyaya səs salıb “Səs” İnformasiya Agentliyi. Bu gün “Səs”in də timsalında aləmdə, kürreyi-ərzdə səsimiz var. Bu səs Azərbaycanın səsidir.
Çağdaş milli media mənzərəsini zənginləşdirən, sağlam xəbərlərlə oxucuları təmin edən, ölkəmizin haqq səsini üç dildə dünyaya çatdıran “Səs” İnformasiya Agentliyi yaradıldığı gündən öz cığırını açıb, ənənəsini formalaşdırıb. Sözsüz ki, bugünkü elektron və yazılı KİV bolluğunda “Səs” İnformasiya Agentliyinin öz missiyası var, o öz boy-buxunu, səsi, sözü ilə seçilir. Seçilməyi, fərqlənməyi bacardığı üçün də 10 illik bir məsafə qət edə bilib. Əlbəttə, 10 il sonrakı dönəmlərdə başqa rəqəmlərlə əvəzlənəcək, rəqəmlər dəyişəcək, dəyişməyən isə “Səs”in tutduğu yol, mövqe və dövlətə və dövlətçiliyə bağlılıq prinsipləri olacaq.
1991-ci ilin yanvarında yaradılan “Səs” qəzetinin bazasında, fundamenti üzərində meydana çıxan “Səs” İnformasiya Agentliyinin gəlib 10 yaşa çatması bu media qurumunun rəhbərliyinin, yaradıcı və texniki heyətinin əməyi, oxucuların etimadı, dəyişməz münasibəti ilə bağlıdır.
“Səs” İnformasiya Agentliyi yarandığı 10 ildə ölkəmizin dünyada duyulan səsinə çevrilə bilibmi?
“Olaylar” İnformasiya Agentliyi və eyniadlı qəzetin baş redaktoru Yunus Oğuz bizimlə söhbətində bildirdi ki, “Səs” İnformasiya Agentliyinin 10 yaşının olmasına baxmayaraq, o, Azərbaycan mediasında öz sözünü çox yüksək səviyyədə deyib. Y.Oğuzun sözlərinə görə, media bolluğunda yaranmaq və tez bir zamanda öz bəlli yerini tutmaq hər təzə yaranan media örnəyinə nəsib olmur. Bu mənada “Səs” İnformasiya Agentliyinin heç bir problemlə üzləşmədiyini və oxucuların diqqətini çəkdiyini, sevgisini qazandığını deyən Y.Oğuz hesab edir ki, bu agentlik ölkəmizlə yanaşı, xarici ölkələrdə də Azərbaycan həqiqətlərini, ölkəmizdə baş verən hadisələri beynəlxalq ictimaiyyətə çatdırır: “Əvvəla “Səs” İnformasiya Agentliyinin rəhbəri Bəhruz müəllimi və bu qurumun dəyərli kollektivini 10 illik yubileyləri münasibətilə ürəkdən təbrik edir, onlara uğurlar arzu edirəm.
Bu informasiya agentliyi yarandığı gündən indiyə kimi öz sağlam mövqeyi ilə seçilib. Bir informasiya agentliyi olaraq həmişə ictimiyyəti maraqlandıran, dövlət maraqlarını müdafiə edən yazılarla, xəbərlərlə diqqəti cəlb edib. Əslində, 10 yaş elə də böyük bir rəqəm olmasa da, agentliyin fəaliyyətinə nəzər saldıqda görürük ki, bu 10 ildə o çox böyük işlərə imza atıb. Sevindirici haldır ki, “Səs” İnformasiya Agentliyi Azərbaycanın haqq səsini bütün dünyaya yayır. “Səs”in timsalında da dünya bizdən xəbər tutur”.
“Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev də hesab edir ki, bu 10 ildə “Səs” İnformasiya Agentliyi böyük işlərə imza atıb. Əvvəlcə yubileyləri münasibətilə “Səs” İnformasiya Agentliyinin rəhbərliyini və kollektivini ürəkdən təbrik edən İ.Quliyevin bildirdiyinə görə, agentlik bu 10 ildə üzərinə götürdüyü missiyanı layiqincə yerinə yetirib və qarşıdakı illərdə də yerinə yetirəcəyinə əmindir. “Bu agentlik fəaliyyətdə olduğu 10 il müddətində Azərbaycanın media bazarında özünə yer tuta bilib. Müsbət haldır ki, “Səs” İnformasiya Agentliyinin öz yolu, öz dəst-xətti var. Bu illər ərzində “Səs”in kollektivi inkişaf üçün çalışıb, texniki və yaradıcılıq imkanlarını genişləndirib, gəlib bugünkü mərhələyə çatıb. “Səs” İnformasiya Agentliyi Azərbaycan həqiqətlərinin dünyaya yayıldığı əsas agentliklərdən birinə çevrilib. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında onun xüsusi rolu var. Bundan əlavə, “Səs” Media Qrupunun rəhbəri Bəhruz Quliyevin də dediyi kimi, bu sayt mövqeyi olan saytdır. O, fəaliyyətdə olduğu dövrdə həmişə öz mövqeyini ortaya qoyub və dəyişməz bir mövqe tutub. “Səs” İnformasiya Agentliyi çox şərəfli bir yol keçib və bu saytın çoxlu uğuru var. Arzu edirəm ki, bundan sonra da uğurlar davam etsin, bu informasiya agentliyi daha da böyüsün, kollektivinin sayı artsın, texniki imkanları genişlənsin və Azərbaycanın 1 nömrəli saytına çevrilsin”-deyə bildirən İ.Quliyevin sözlərinə görə, agentlik üç dildə xəbər yaymaqla öz missiyasını layiqincə yerinə yetirməyi bacarıb.
“Novoye vremya” qəzetinin baş redaktoru Şakir Ağayevin fikrincə də “Səs” İnformasiya Agentliyi fəaliyyət göstərdiyi 10 il müddətində səsimizi dünyaya yayıb və Azərbaycanın haqlı mövqeyini ölkə ictimaiyyətinə və beynəlxalq aləmə çatdırmağı bacarıb. “Birincisi, başda “Səs” İnformasiya Agentliyinin rəhbəri Bəhruz Quliyev olmaqla bütün kollektivi agentliyin 10 illik yubileyi münasibətilə ürəkdən təbrik edirəm, onlara daha böyük uğurlar, müvəffəqqiyyətlər arzulayıram, 10-nun sonuna bir 0-da əlavə olunmaqla 100 yaşlarını qeyd etsinlər. Sözsüz ki, “Səs” İnformasiya Agentliyinin Azərbaycan mətbuatında özünəməxsus yeri var. Düzdür, 10 yaş elə də böyük bir yaş olmasa da, bu 10 ildə “Səs” İnformasiya Agentliyinin alternativ xəbərlərin, fikirlərin yayılmasında, Azərbaycanla, xüsusilə də Qarabağ həqiqətləri ilə bağlı yazıların, xəbərlərin dünya ictimaiyyətinə çatdırılmasında, dünyada baş verən proseslərin Azərbaycanda yayılmasında, onlara olan münasibətdə, analitik məsələlərin işıqlandırılmasında önəmli rolu var. “Səs” İnformasiya Agentliyi bu 10 ildə möhkəmlənən, öz ayaqları üztə durmağı bacaran bir informasiya agentliyinə çevrilib. O, təkcə Azərbaycanın daxilində deyil, Azərbaycandan kənarda baş verən hadisələrin də Azərbaycan ictimaiyyətinə çatdırılmasında və Azərbaycanın daxilindəki hadisələrin dünya ictimaiyyətinə çatdırılmasında özünəməxsus rola malikdir. Təbii ki, “Səs” haqqında çox sözlər, fikirlər söyləmək olar. Lakin “Səs” İnformasiya Agentliyinin uğurları da, gördüyü işlər də göz önündədir”.
“İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin sözlərinə görə də “Səs” İnformasiya Agentliyi bu 10 ildə beynəlxalq aləmdə Azərbaycanın səsinə çevrilməyi bacarıb. “İlk əvvəl “Səs” İnformasiya Agentliyinin rəhbərliyini və əməkdaşlarını 10 illik yubileyləri münasibətilə təbrik edirəm və Bəhruz Quliyev, eləcə də Vəli müəllim başda olmaqla bütün kollektivə bu şərəfli işlərində uğurlar arzu edirəm. Gün o gün olsun ki, 100 yaşlarını qeyd edək.
Hesab edirəm ki, “Səs” İnformasiya Agentliyinin kollektivi bu 10 ildə kifayət qədər uğurlu yol qət edib. O bir informasiya agentliyi kimi Azərbaycanın ictimai-siyasi həyatında öz mövqeyi, dəst-xətti olan bir agentliyə çevrilib. Eyni zamanda, dövlətin, dövlətçiliyin prinsiplərini qoruyan, təbliğ edən və cənab Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin, gördüyü işlərin təkcə ölkə ictimaiyyətinə deyil, dünya ictimaiyyətinə çatdırılmasında əhəmiyyətli rol oynayan bir agentliyə çevrilib. Düşünürəm ki, 10 il zaman baxımından çox yaş deyil, heç az yaş da deyil, ancaq fikrimcə, “Səs” İnformasiya Agentliyi cavan yaşında bir ağsaqqal yolu qət edib və “Səs”də kifayət qədər peşəkar kollektiv formalaşıb”- deyə V.Rəhimzadə bildirdi.
İradə SARIYEVA