Ermənistanda baş verən hakimiyyət dəyişikliyi dövlət qurumları arasında əlaqələrin tamamilə itməsinə gətirib. Bunun sübutunu görmək üçün isə bu qurumların eyni məsələ barədə verdikləri tam fərqli açıqlamalara nəzər salmaq kifayətdir.
Dediklərimizə Ermənistanın Müdafiə nazirliyi ilə Xarici işlər nazirliyinin məzmunca eyni, mənaca bir-birinə daban-dabana zidd açıqlamalarını misal göstərmək olar. Belə ki, bu günlərdə erməni tərəfi növbəti dəfə guya Azərbaycan ordusunun atəşkəsi pozması və bütün cəbhə boyu qarşı tərəfin mövqelərinə atəş açması barədə xəbər yayıb. Düşmən mətbuatının bu informasiyanı şişirtməsinin ardından isə müxtəlif səviyyələrdə Azərbaycanın Ermənistanın dövlət təhlükəsizliyini təhdid etməsi barədə qızğın müzakirələr başlayıb və ölkə rəhbərliyinə beynəlxalq təşkilatlara Azərbaycandan şikayət edilməsi yönündə çağırışlar səslənib. Elə ən maraqlısı da bundan sonra yaşanıb. Bu çağırışlara dərhal reaksiya verən Ermənistan XİN-in mətbuat sözçüsü Tiqran Balayan bəyan edib ki, artıq rəsmi İrəvan məsələ ilə bağlı beynəlxalq dairələrə müraciət edib:”Bəli, biz artıq KTMT-ya müraciət etmişik. İlk növbədə isə Anjey Kasprşikin mənzil-qərargahına - ATƏT-in Minsk Qrupuna müraciət ünvanlamışıq. Eyni zamanda, Azərbaycanın kobud atəşkəs pozuntusu barədə dünya ictimaiyyətini məlumatlandırmaq üçün digər istiqamətlərdə də fəal iş aparırıq”.
Bunun ardınca isə düşmən ölkənin Müdafiə nazirliyi məsələyə münasibət bildirib. Nazirliyin mövqeyi isə belə olub ki, məsələ ilə bağlı KTMT-yə müraciətə lüzum görməyiblər. Ermənistan Müdafiə nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan “Sputnik Armeniya”ya açıqlamasında deyib:”Sərhədin Tavuş kəndi ərazisində atəşkəs rejimi yenə pozulub. Müxtəlif kalibrli silahlardan atəş açılıb, lakin hədəfə atılmayıb. Atəş sayı əvvəlkilərdən daha az olub və xəsarət alan yoxdur. Ermənistan Müdafiə nazirliyi KTMT-yə müraciət üçün bir zərurət görmür. Bunun mənası yoxdur. Biz öz problemlərimizi özümüz həll edirik”.
Göründüyü kimi, müharibə şəraitində olan təcavüzkar ölkənin iki əsas qurumu eyni məsələ ilə bağlı bir-birinə tam əks açıqlama verib və bununla da özlərini ifşa etmiş olub. İndi erməni ictimaiyyətini də bir sual düşündürür: görəsən hansı doğru deyir – bunlardan biri, ya heç biri? Bütün baş verənlərin və ölkənin bu cür gülməli-ağlamalı vəziyyətə düşməsinin isə baiskarının kim olduğunu əlavə şərhə ehtiyac yoxdur. Çünki küçədən gələrək gözlənilmədən Baş nazirlik kürsüsünə qonan Paşinyanın öz hərəkətləri də çox zaman elə yuxarıda adı çəkilən qurumların açıqlamaları kimi “haça-paça” olur ki, artıq onun ölkəyə rəhbərliyi dövründə belə baş-ayaq hərəkətlərinə kifayət qədər şahid olmuşuq. Məsələnin digər tərəfi isə KTMT-nin Ermənistanın “dərdinə” nə dərəcədə həssas yanaşacağıdır. Axı bu ölkənin yeni rəhbərliyinin qəzəbinə tuş gələnlərdən biri də elə hazırda bu quruma rəhbərlik edən və barəsində cinayət işi açılmış eks-prezident Köçəryanın silahdaşı kimi tanınan Xaçaturovdur! O Xaçaturov ki, Paşinyan hakimiyyəti onun məsuliyyətə cəlb olunmasında o dərəcədə maraqlı idi ki, öncə onun vəzifədən geri çağırılmasına belə zaman xərcləmək istəmədi və elə vəzifə başında ola-ola barəsində cinayət işi açmaqla Kremlin qəzəbini üzərinə çəkdi. Görünür, bütün bunlardan sonra özünü məzlum cildinə salıb beynəlxalq dairələrin gözündə haqlı imici formalaşdırmaq bacarığının bu dəfə onları qurtarmayacağının fərqindədirlər. Üstəlik, üz tutacaqları ilk beynəlxalq təşkilatın başında hələ də barəsində cinayət işi açdıqları Xaçaturov durur. İndi "bu erməni cinayətkarının" rəhbərlik etdiyi quruma müraciətin bir adı varmı?
SAMİRƏ