Qərbi Azərbaycana (Ermənistana) Qayıdış Birliyinin təşkilatçılğı ilə Beynəlxalq Mətbuat Mərkəzində Dəyirmi masa keçirilib.
QAQB Mətbuat xidmətindən “Bakı Xəbər”ə verilən məlumata görə, Dəyirmi masada Birlik üzvləri, qərbi azərbaycanlı ziyalılar, şairlər, incəsənət adamları, ictimai xadimlər iştirak edib. Tədbir paytaxt Bakının və ətraf rayonlarını daşnak erməni və rus bolşevik silahlı quldur dəstələrindən azad etmiş Nuru Paşanın başçılığı altında Türk və AXC birləşmiş silahlı qüvvələrinin şəhid olmuş əsgər və zabitlərinin xatirəsinə bir dəqiqəlik sayğı duruşu ilə başlayıb, Azərbaycanın dövlət himninin oxunması və tarixi İrəvan torpaqlarına həsr olunmuş video-rolikin nümayişi ilə davam edib.
Tədbiri giriş çıxışı ilə açan QAQB sədri Rizvan Talıbov tədbirin məqsədi haqqında ətraflı məlumat verib. O cümlədən, Bakının və ətraf rayonların erməni-rus silahlı quldur dəstələrindən azad olunmasından keçən 100 il ərzində məkrli erməni düşmənçiliyinin davam etdiyini və bu son yüz ildə tarixi İrəvan xanlığının, Göyçənin, Zəngəzurun, Loru-Pəmbək, Dərə-Ələyəz və digər mahallardan soydaşlarımızın zorakı deportasiyaya və soyqırıma məruz qaldıqlarını, təkcə1988-1989-ci illərdəki son deportasiya zamanı 500000 (beş yüz min) nəfər azərbaycanlının tarixi yurdundan zorakılıqla deportasiya olunduğunu qeyd edib. QAQB olaraq, qarşılarında duran əsas vəzifələrdən birinin tarixi yurdlara Qayıdışın həyata keçməsi üçün Ermənistan qaçqınlarının qaçqınlıq statuslarının və qaçqınlıq imtiyazlarının bərpa olunmasının vacib olduğunu qeyd edib. Bildirib ki, Ermənistan qaçqınlarının qaçqınlıq status və imtiyazlarının bərpa olunmasının milli və dövlət maraqlarına xidmət etdiyi xüsusi vurğulanmalıdır. Belə ki, hazırda məlum hadisələr zamanı paytaxt Bakıdan və digər Azərbaycan ərazilərindən əksəriyyəti daşınmaz əmlaklarını sataraq Ermənistana, Rusiyaya və digər ölkələrə köç etmiş 350000(üç yüz əlli min) erməni əhali qaçqınlıq statusunda qalır və səbrsizliklə Azərbaycana qayıda biləcəkləri günü gözləyir.Əlbəttə, onlar təkcə Azərbaycana Qayıdışları ilə kifayətlənməyəcək, həm də Azərbaycandan külli miqdarda təzminat tələbində olacaqlar! Bu böyük təhlükənin qarşısının alınması üçün yeganə yol Ermənistandan deportasiya olunmuş əhalinin qaçqınlıq status və imtiyazlarının bərpa olunmasıdır! Birlik olaraq, qarşılarında duran məsələlərin effektiv həllinə nail olmaq üçün QAQB-nin Qərbi Azərbaycan TV internet televiziyasını açdıqlarını, eyni zamanda, Qərbi Azərbaycan Qayıdış Fondunu təsis etdiklərini bildirib.
Tədbirdə çıxış edən digər çıxışçılar - Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı, QAQB Ali Məclisinin sədri Əli Vəliyev, şair Binnət Əsgər, incəsənət xadimi, QAQB Ali Məclis sədrinin müavini Zöhrə Xəlili, professor Yusif Qazıyev, jurnalist, ictimai xadim, QAQB Ali Məclisinin üzvü Sona İsmayılova, Qarabağ qazisi Arif Məhərrəmov, QAQB sədrinin ümumi işlər üzrə müavini Vasil Bağırov və digərləri çıxış edərək, səslənən fikirlərə dəstəklərini bildirib və bu yolda daha əzmlə mübarizə aparmağın vacib olduğunu qeyd ediblər.
Tədbirin yekununda Ermənistan qaçqınlarının qaçqınlıq status və imtiyazlarının yenidən bərpa olunmasının yollarını müəyyənləşdirmək məqsədilə xüsusi bir komissiyanın yaradılması üçün ölkə Prezidenti İlham Əliyevə, AR.Milli Məclisinin sədri Oqtay Əsədova və Milli Məclisin deputatlarına ünvanlanmış müraciət qəbul olunub.
Baki-xeber.com