Məhəmməd Əsədullazadə: “Hazırda küçə etirazları fonunda hakimiyyətdə oturan Paşinyanın xarici siyasət konsepsiyası yoxdur”
Xəbər verildiyi kimi, Ermənistan baş naziri Nikol Paşinyanın arvadı Anna Akopyan Qarabağ döyüşlərində ölən erməni əsgərlərinin analarının bir qrupunu baş nazirin iqamətgahında toplayıb və onları Azərbaycan analarına müraciət etməyə çağırıb. Görüşdə 2016-cı ilin aprel döyüşlərində Qarabağda öldürülən 40-a yaxın erməni hərbçisinin anaları itirak edib. Onlar A.Akopyanın bir neçə ay əvvəl Moskvada başlatdığı “Qadınlar sülh naminə” sülhməramlı təşəbbüsünə qoşulduqlarını bildiriblər.
Baş nazirin iqamətgahında qəbul zamanı döyüşlərdə ölən erməni əsgərlərinin anaları Ermənistan-Azərbaycan münaqişəsini dayandırmaq üçün Azərbaycan analarını da onlara qoşulmağa çağırıblar.
Bir tərəfdən Ermənistanın baş naziri Nikol Paşinyanın arvadı bu cür müraciətlə çıxış edir, o biri tərəfdən Paşinyan Azərbaycanın daxili işlərinə qarışır, cəbhəyanı kəndlər intensiv atəşə tutulur. Həmçinin, son günlər Qarabağa dair qızışdırıcı, danışıqlar prosesinə zərbə vuran və davakar bəyanatlarının dozasını artırıb. Gah Dağlıq Qarabağı Ermənistanın tərkib hissəsi kimi gördüyünü deyir, gah da bildirir ki, Dağlıq Qarabağın adından danışa bilməz və Azərbaycan sülh istəyirsə, gərək özü qondarma “DQR”lə birbaşa danışıqlara girsin. Təbii ki, bütün bunlar bir-birilə ziddiyyət təşkil edir.
Maraqlıdır, ekspertlər Ermənistanın xarici siyasətindəki bu ziddiyyəti necə dəyərləndirirlər? Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadə buna bir neçə kontekstdən yanaşdı: “Ermənistan baş naziri Nikol Paşinyanın Qarabağla bağlı son ritorikası birbaşa danışıqları sabotaj edir. Qeyd edim ki, baş nazirin arvadının erməni analarını başına yığıb Azərbaycan analarına müraciət etməsi rəsmi İrəvanın ikiüzlü siyasətidir. Hazırda küçə etirazları fonunda hakimiyyətdə oturan Paşinyanın xarici siyasət konsepsiyası yoxdur. Onun 30 illik Qarabağ konflikti barədə məlumata malik olmaması, yaxud sabotaj xarakterli açıqlamaları göstərir ki, bu şəxs Ermənistanda sülhü və demokratiyanı bərpa edə bilməyəcək. Ümumiyyətlə, onun qızışdırıcı bəyanatları müharibə variantını önə çəkir. Bu da Ermənistan üçün fəlakət ola bilər. Hazırda Azərbaycanla sülhə nail olmaq üçün rəsmi İrəvan ilk növbədə işğal etdiyi əraziləri boşaltmalıdır. Biz görürük ki, yeni erməni hakimiyyəti “Madrid prinsipləri”ni qəbul etməməklə təhlükəli reveranslar etməyə çalışır. Onlar kimə və nəyə güvənir? Demokratik dünya heç vaxt işğal faktoru ilə barışmayacaq. Eyni zamanda, Paşinyandan işğal faktoruna son qoymağı tələb edəcək. İşğalla demokratiyanı bərqərar etmək qeyri-mümkündür. Hesab edirəm ki, Paşinyanın xarici siyasətində uğursuzluqlar davam edəcək və Qarabağla bağlı diplomatik cəhdləri heç vaxt Ermənistanın lehinə olmayacaq. Erməni anaları sülh istəyirlərsə, ilk növbədə öz seçdikləri baş nazirdən ərazilərin boşaldılmasını tələb etməlidirlər. Bu tələb yoxdursa, onların bu müraciəti imitasiyadır. Ermənistanın inkişafı yalnız işğalçı siyasətdən əl çəkdikdən sonra mümkün olacaq. Bunu Vaşinqton da, Brüssel də Paşinyana mesaj olaraq bildirib”.
Vidadi ORDAHALLI