Elxan Ələsgərov: “Əldə edilən razılaşmalar Suriya konfliktinin həllində önəmli rol oynaya bilər”
Məlum olduğu kimi, Rusiya ilə Türkiyə Suriyanın İdlib bölgəsi ilə bağlı razılıq əldə ediblər. Belə ki, Putin və Ərdoğan Soçidə İdlibdə müxalifət və hökumət qüvvələrinin demilitarizasiya zonasından geri çəkilməsi haqqında razılıq əldə ediblər. İran da əldə olunan razılaşmanı dəstəkləyib. Sözügedən razılaşma dünyada böyük marağa səbəb olub.
Rusiya Prezidenti əsas müzakirə mövzusu olan İdliblə bağlı mühüm razılıqlar əldə edildiyini vurğulayıb: “İdlibdə 15-20 kilometrlik silahsız zona yaratmaq qərarına gəldik. Ərdoğanın təklifi ilə ağır silahlar da bölgədən çəkiləcək”.
Türkiyə Prezidenti Ərdoğan da Suriya məsələsində fikir mübadiləsi apardıqlarını deyib: “Müxaliflər və rejimin nəzarəti altındakı ərazilər arasında silahlardan təmizlənmiş zona yaradılmasına qərar verdik. Tərksilah edilmiş regionun təhlükəsizliyi Türkiyə və Rusiya hərbi qüvvələri tərəfindən koordinasiyalı şəkildə təmin olunacaq.
Müxaliflər hazırda olduqları bölgələrdə qalacaqlar. Radikal qrupların bölgədə fəaliyyət göstərməsinin qarşısını alacağıq.
Rusiya İdlibdəki silahlardan təmizlənmiş bölgəyə hücum edilməməsini təmin etmək üçün lazımi tədbirləri görəcək. Türkiyə də bu barədə üzərinə düşəni edəcək. Beləliklə, İdlibdə böyük humanitar fəlakətin qarşısını aldıq. Bundan sonra Suriyanın konstitusiya komitəsinin işini tamamlaması və keçiriləcək seçkilərdə Suriya xalqının öz seçimini ortaya qoymasını arzulayırıq”.
Ərdoğan-Putin görüşündən dərhal sonra jurnalistlərə açıqlama verən Rusiya müdafiə naziri Sergey Şoyqu isə İdlibdə hərbi əməliyyat keçirilməyəcəyini bəyan edib.
Qeyd edək ki, bundan əvvəl Tehranda 3 ölkə arasında İdliblə bağlı keçirilən görüşdə müəyyən fikir ayrılıqları yaşanmışdı. Rusiya ilə İran İdlibə hücum edilməsinin lazım olduğunu bəyan etmişdilər. Türkiyə isə bunun əleyhinə olaraq hücumun humanitar fəlakətə səbəb olacağını bəyan etmişdi. Görünən odur ki, tərəflər Soçi görüşündə ortaq razılaşma əldə ediblər.
Maraqlıdır, bəs ekspertlər əldə olunan bu razılaşmanı necə dəyərləndirirlər?
Sözügedən məsələni dəyərləndirən politoloq Elxan Ələsgərovun fikrincə, Soçi görüşü çox mühüm bir zamana təsadüf etdi. O hesab edir ki, əldə edilən razılaşmalar Suriya konfliktinin həllində önəmli rol oynaya bilər: “Suriyada bir neçə koalisiyanın rəhbərliyi ilə həyata keçirilən antiterror əməliyyatları nəticəsində bütün radikal təşkilatlar İdlib bölgəsində toplaşdı. Məhz buna görə də son məqamda Suriya, Rusiya və İran hərbçilərinin İdlibə hücumu ilə bağlı hazırlıqlar gedirdi. Suriya ordusu İdlibi hərtərəfli mühasirəyə almışdı. Ancaq Türkiyə belə bir həssas məqamda öz nüfuzundan istifadə edərək, bölgədə mümkün hərbi əməliyyatların mülki insanlara verəcəyi ziyanın qarşısını almaq və nüfuzu altında olan qrupları qorumaq üçün sülh yolunu seçdi. Rusiya da bu məsələdə Türkiyə ilə razılaşdı. Belə ki, Türkiyə Rusiyanın dəstəyi ilə böyük bir qırğının qarşısını alaraq, Suriyada uğur qazandı. Rusiya-Türkiyə-İran birgə antiterror koalisiyası gələcəkdə İdlibdə silahsızlaşdırma siyasəti aparacaq və beləliklə də genişmiqyaslı əməliyyatların qarşısını alacaq. İran tərəfi görüşdə iştirak etməsə də, razılaşmaları dəstəklədi. Əslində, Tehranın bu hərəkəti ABŞ-a açıq bir mesaj idi”.
Vidadi ORDAHALLI