Daşdəmir Əliyev: “Cəbhəyanı ərazidə nazirin keçirdiyi görüşlər həm ordumuza, həm də orada yaşayan əhaliyə böyük ruh yüksəkliyi vermiş oldu”
Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhəboyu zonada yerləşən bölmələrdə olub, şəxsi heyətin döyüşə hazırlıq vəziyyətini yoxlayıb.
Müdafiə Nazirliyindən verilən məlumata görə, bir neçə gündür Azərbaycan-Ermənistan dövlət sərhədində düşmən tərəfindən atəşə məruz qalan yaşayış məntəqələrimiz istiqamətindəki bölmələrdə olan nazir vəziyyətlə bağlı məruzələri dinlədikdən sonra qarşı tərəfin mövqelərini müşahidə edib: "Ön xətt mövqelərindəki vəziyyətlə yerində tanış olan nazir dinc əhalinin Ermənistan qoşunları tərəfindən atəşə tutulmasına qarşı təxirəsalınmaz cavabın verilməsi və daha sərt tədbirlərin görülməsi ilə bağlı həmin istiqamətlərdə yerləşən bölmələrə konkret tapşırıqlar verib". Hərbi qulluqçularla görüşərək onların qayğıları, sosial-məişət şəraiti ilə maraqlanan general-polkovnik Zakir Həsənov şəxsi heyətlə çay süfrəsi arxasında söhbət aparıb.
Zakir Həsənov tərəfindən verilən tapşırıqların icrası cəbhəboyu zonada nə kimi dəyişikliyə gətirib çıxaracaq?
Hərbi ekspert Daşdəmir Əliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, verilən sual bu gün Azərbaycan ictimaiyyətini dərindən maraqlandırır: “Bu kimi hadisələr mütəmadi baş verir. Cəbhə xəttində düşmən dinc əhalini, əkin sahələrini daim atəş altında saxlayır, eyni zamanda müxtəlif təxribatlar törədir. Biz dəfələrlə şahidi olmuşuq ki, ermənilər təmas xəttində çox böyük əraziləri əhatə edən əkin sahələrini yandırıblar. Yəni əllərindən nə gəlirsə, o üsulla bütün cəbhəboyu əhaliyə zülm edirlər. Biz bir müddət əvvəl ordumuzun Naxçıvanda həyata keçirdiyi əməliyyatın şahidi olduq. Minlərlə hektar ərazimiz düşmən nəzarətindən xilas edildi. Hazırda cənab nazirin cəbhəyanı ərazilərdə belə addımlar atmasını təqdir edirəm. Onun əhalilə görüşməsi, şəxsi heyətə tapşırıqlar verməsinin əsas niyyəti və məramı bizə məlumdur. Konkret olaraq Göygöl, Qazax rayonlarının ərazisində bizim belə sahələrimiz var ki, düşmənin əlində olmasa da, birbaşa ora nəzarət edə bilir. Əminəm ki, 23 il ərzində biz düşmənin nəzarəti altında olan əraziləri Naxçıvanda necə azad etdiksə, digər istiqamətlərdə də buna nail olacağıq. Bir daha xatırladıram ki, bizim belə yaşayış məntəqələrimiz çoxdur. Əminəm ki, yaxın zamanlarda biz belə sevindirici xəbərlərin şahidi olacağıq. Cəbhəyanı ərazidə nazirin keçirdiyi görüşlər həm ordumuza, həm də orada yaşayan əhaliyə böyük ruh yüksəkliyi vermiş oldu”.
Məhəmmədəli QƏRİBLİ