Azər Həsrət: “O, səsləndirdiyi fikirlərin məsuliyyətini anlaya bilmir”
Uğursuz siyasət yeritməsi ilə özünü hörmətdən salmaqda davam edən Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevin oğlu Heydər Əliyevin əsgər getməsinə reaksiya verib və əslində, sərsəm fikirlərlə Azərbaycanın daxili işlərinə müdaxilə edib.
Məsələ ondadır ki, Paşinyan öz oğlunu şou düzəltmək, bundan təbliğat vasitəsi kimi istifadə etməkdən ötrü Qarabağa “hərbi xidmətə” göndərib. Əldə olunan məlumatlara görə, Paşinyanın oğlu cəbhə xəttindən 50 kilometr aralıda xidmət edir.
Digər tərəfdən, Paşinyanın oğlunu işğal altında olan Azərbaycan ərazilərində “xidmət etməyə” yola salmasının alt qatında olan məqamlar başqadır. Bəlli olub ki, Paşinyan oğlunu Dağlıq Qarabağa klanın təmsilçilərini sakitləşdirmək üçün, “siyasi girov” kimi göndərib. Görünür, Paşinyan vaxtilə ayrı-ayrı beynəlxalq təşkilatların maliyyə dəstəyi ilə həyata keçirdiyi layihələrdən qalma vərdişləri oğlunun hərbi xidmətə yola salınmasında da istifadə etməkdən, bu vətəndaşlıq vəzifəsini ucuz siyasi təbliğat elementinə, siyasi layihəyə çevirməkdən çəkinməyib.
Ən maraqlı məqamlardan biri də odur ki, Ermənistandakı ciddi media Paşinyanın Prezident İlham Əliyevin oğlu barədə səsləndirdiyi fikirlərə ümumiyyətlə yer verməyib. Görünür, erməni mediası Paşinyanın məlum fikirlərinin nə qədər qeyri-ciddi səsləndiyinin fərqində olduğu üçün bu addımı atıb.
Maraqlıdır, bəs ekspertlər bunu necə şərh edirlər?
Məsələyə münasibət bildirən media eksperti Azər Həsrətin sözlərinə görə, bu ondan irəli gəlir ki, Ermənistan cəmiyyətində, mediasında Paşinyanla bağlı bir peşmançılıq yaşanır: “Ona görə də erməni mediası Paşinyanın qeyri-ciddi açıqlamalarına yer verməyib. Məsələ ondadır ki, Paşinyan küçə hərəkatını başlayanda ermənilərdə müəyyən ümidlər yaranmışdı. Ümidlər yaranmışdı ki, korrupsioner rejimdən xilas olacaqlar. Bununla da ölkədə vəziyyət dəyişəcək. Nəticədə ölkə vətəndaşları normal yaşaya biləcəklər. Ancaq Paşinyan baş nazir olandan sonra aradan keçən müddətdə bəlli oldu ki, heçdə heç nə dəyişmir. Sadəcə olaraq Paşinyan populist çıxışlar, çağırışlar edir. Bir qədər də özü-özünü təkzib edən addımlar atır, yaxud da təlimatlar verir. Bütün bunların nəticəsində insanlar çaş-baş qalıblar. O mənada ki, anlamırlar bu adam nə istəyir? Onun ümumiyyətlə məqsədi, vizyonu nədir? Bununla bağlı insanlar artıq xəyal qırıqlığına uğramağa başlayıblar. Onun bu və digər sərsəm açıqlamaları da bu qəbildən qiymətləndirilir. Yəni adam özü də bilmir nə istəyir. Bəlkə də nə istədiyi barədə bir düşüncəsi var. Sadəcə olaraq siyasi naşılığı imkan vermir ki, istədiklərini doğru-düzgün ictimaiyyətə çatdırsın. Eyni zamanda, onun istəkləri böyük ola bilər. Ancaq o, səsləndirdiyi fikirlərin məsuliyyətini anlaya bilmir. Çünki bu adamın dövlətçilik təcrübəsi yoxdur. Paşinyan ümumiyyətlə dövlət adamı deyil. O üzdən, Ermənistan ictimai rəyi hazırda çaşqınlıq içindədir. Baxmayaraq ki, biz arzu etmirik Ermənistanda belə bir durum olsun. O mənada ki, Dağlıq Qarabağın işğaldan azad edilməsi üçün bizə Ermənistanda normal hakimiyyət lazımdır. Belə ki, o adamlarla masa arxasında oturub normal müzakirəmizi aparaq. Ancaq bu gün Paşinyanın məlum davranışları onu göstərir ki, Azərbaycanın çox təcrübəli, dünyaca qəbul edilən lideri İlham Əliyev onunla masa arxasında oturub müzakirə apara bilməyəcək. Niyə? Ona görə ki, İlham Əliyev təcrübəli, ciddi bir siyasət adamıdır. Ancaq Paşinyan isə küçə ritorikası ilə hakimiyyətə gəlib və o ağılda özünü aparır. Bax, problem bundadır”.
Vidadi ORDAHALLI