Aqşin Əliyev: “Bütün bunlar NATO rəsmilərini Azərbaycanı öz davamlı tərəfdaşı qismində görməyə vadar edir”
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır. Bunu NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay bildirib. C.Appaturay deyib: "Azərbaycan bizim davamlı tərəfdaşımızdır. Biz həmişə Azərbaycanın beynəlxalq təhlükəsizliyə və NATO-nun Əfqanıstandakı səylərinə verdiyi töhfəni alqışlayırıq".
O xatırladıb ki, Azərbaycan NATO sülhməramlı missiyası üçün tranzit imkanları yaradır, həmçinin, digər yollarla dəstək olur. Xüsusi nümayəndə bildirib: "Bizim yaxşı əməkdaşlığımız var və mən bunun davam edəcəyini gözləyirəm".
NATO rəsmisinin Azərbaycanı öz davamlı tərəfdaşı sayması nəyin əlaməti hesab edilə bilər?
Ekspert Aqşin Əliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Azərbaycanla NATO arasındakı əməkdaşlıq uzun illərdir normal məcrada davam edir: “Bir faktı xüsusi olaraq qeyd etmək istərdim ki, bu ilin iyul ayının 11-də Brüsseldə NATO-nun müttəfiq və tərəfdaş ölkələrinin dövlət və hökumət başçıları üçün qəbul təşkil edildi. Həmin qəbulda Azərbaycan Prezidenti İlham Əliyev də iştirak etdi. Məhz sözügedən sammitdə Azərbaycanın ərazi bütövlüyünə dəstək verildi. Qəbul olunmuş deklarasiyada da bu öz əksini tapıb. Həmin deklarasiya da onu göstərir ki, Azərbaycanın ərazi bütövlüyü təmin olunmalıdır. Bu, NATO-nun Azərbaycana münasibətinin göstəricisidir. Görürsünüz ki, NATO rəsmisi Əfqanıstanla bağlı həyata keçirilən əməliyyatlarda Azərbaycanın oynadığı tranzit roluna xüsusi önəm verir. Rəsmi Bakı 2009-cu ildən formalaşmış Əfqanıstan üzrə Beynəlxalq Təmas Qrupunun görüşünə də evsahibliyi edib. Azərbaycan Əfqanıstanda “Qətiyyətli dəstək” missiyasındakı öz hərbi kontingentinin sayının artırılması ilə bağlı qərar qəbul edib. Artıq 120 azərbaycanlı hərbçi Əfqanıstanda xidmət göstərir. Eyni zamanda, “Qətiyyətli dəstək” missiyasının təmin olunması üçün Azərbaycan öz hava məkanını və nəqliyyat infrastrukturunu təqdim edib. Bu da missiyanın uğurla davam etməsi üçün çox önəmli məsələdir. Rəsmi Bakı həm də NATO və Rusiya komandanlarının Yaxın Şərq və Mərkəzi Asiya üzrə məsələlər barədə müzakirəsinə üç dəfə evsahibliyi edib və dünya güclərinin hərbi rəhbərlikləri qarşılıqlı mövzuların müzakirə yeri kimi məhz Azərbaycan paytaxtını seçiblər.Azərbaycan Cənubi Qafqazın digər iki ölkəsindən fərqli olaraq, müstəqil, qlobal güclər arasında balanslı siyasətini qoruyaraq öz maraqlarına uyğun kurs yürüdür. Bunu NATO ilə münasibətlərə də aid edə bilərik. Azərbaycan, həmçinin, NATO-nun eqidası altında həyata keçirilən bütün sülhməramlı tədbirlərdə öz hərbi kontingentilə yaxından iştirak edir. Təbii ki, bütün bu sadalananlar NATO rəsmilərini Azərbaycanı öz davamlı tərəfdaşı qismində görməyə vadar edir”.
Məhəmmədəli QƏRİBLİ