Elşən Əliyev: “Bütün bunlar Şanxay Əməkdaşlıq Təşkilatının da diqqətini etibarlı tərəfdaş olaraq cəlb edir”
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) baş katibi Rəşid Alimov ilə görüşüb. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə Azərbaycanla ŞƏT arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.
Azərbaycanın ŞƏT-lə əməkdaşlığı daha da inkişaf etdirmək və yeni səviyyəyə qaldırmaq niyyətində olduğunu bildirən nazir Elmar Məmmədyarov ölkəmizin Şanxay Əməkdaşlıq Təşkilatının dialoq tərəfdaşı statusundan müşahidəçi səviyyəsinə qaldırılmasının vacibliyini diqqətə çatdırıb. Baş katib Rəşid Alimov, öz növbəsində, müşahidəçi statusunun əldə edilməsi ilə bağlı Azərbaycanın müraciətinin ŞƏT-in Milli Əlaqələndirmə Şurasının cari ilin avqustunda keçirilmiş iclası zamanı müzakirə edildiyini söyləyib. O, bu məsələyə ŞƏT ölkələri xarici işlər nazirləri şurasının iclasında baxılacağını deyib. Görüşdə tərəflər təmasların davam etdirilməsi ilə bağlı razılığa gəliblər.
Azərbaycanın bu təşkilatla əməkdaşlığı uğurla davam etdirilir. Azərbaycanla bağlı ortaya qoyulan mövqedən də hiss edilir ki, qurumun özü də ölkəmizlə əməkdaşlığa xüsusi önəm verir. Azərbaycanı qurumda müşahidəçi statusunda görmək kimi niyyətlər ölkəmizə beynəlxalq diqqətin artdığının təzahürü sayıla bilərmi?
İqtisadçı Elşən Əliyev qəzetimizə açıqlamasında bildirdi ki, Şanxay Əməkdaşlıq Təşkilatı ilə Azərbaycanın əlaqələrinin daha da dərinləşməsi ölkəmizin artan nüfuzu və dünya miqyasındakı önəmindən xəbər verir: “Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatında müşahidəçi qismində təmsil olunması Avrasiyanın böyük hissəsini təmsil edən təşkilatla iqtisadiyyat, ticarət və siyasi əlaqələri möhkəmləndirmək imkanı verəcək. Azərbaycan qlobal humanitar məsələlər və insan hüquqlarının qorunmasına xeyli resurs qoymuş azsaylı ölkələrdən biridir. Humanitar və iqtisadi əməkdaşlıq ŞƏT-in üzv ölkələrinin vacib təşəbbüsüdür. Son illər ölkəmiz iqtisadiyyatda dinamik artım, eləcə də əla maliyyə sabitliyi nümayiş etdirir. Bütün bunlar Şanxay Əməkdaşlıq Təşkilatının da diqqətini etibarlı tərəfdaş olaraq cəlb edir. Azərbaycan ŞƏT-lə tərəfdaşlıq üzrə dialoq qurmuş ölkələr arasındadır. Azərbaycan digər ölkələrlə müqayisədə adambaşına düşən ÜDM-in ən yüksək səviyyəsinə, inflyasiyanın isə ən aşağı səviyyəsinə malikdir. Azərbaycan Hökuməti energetika, kənd təsərrüfatı, kommunikasiyalar, texniki imkanlar, kommersiya, logistik infrastruktur və s. sahələrdə regional layihələrin inkişafı vasitəsilə Avropa və Asiyanı birləşdirmək üçün böyük vəsait yatırıb. ŞƏT-in bütün iştirakçı ölkələri Azərbaycanın təcrübəsini mənimsəmək kimi unikal imkan əldə edəcəklər. Azərbaycan regional ticarət, iqtisadiyyat və sənayenin inkişafına istiqamətlənib. Azərbaycan ŞƏT-də iştirakı ilə ölkələr, bank və maliyyənin inkişafı sahələrində iştirakçılar arasında iqtisadi əməkdaşlığın gələcəkdə möhkəmləndirilməsinə yardım edə bilər".
Məhəmmədəli QƏRİBLİ