Məhərrəm Zülfüqarlı: “Bir qardaş ölkə olaraq biz Türkiyənin dəstəyini hər zaman görmüşük”
“Türkiyə nə qədər güclü olarsa, Azərbaycan da bir o qədər güclü olacaq”. Bu fikirləri Prezident İlham Əliyev Bakı şəhərinin daşnak-bolşevik işğalından azad edilməsinin 100 illiyinə həsr olunmuş paraddakı çıxışında səsləndirib.
Ölkə başçısının sözlərinə görə, Türkiyə son illər ərzində çox böyük və şərəfli yol keçib: “Əziz qardaşım Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə Türkiyə dünya miqyasında böyük gücə çevrilib. Türkiyənin iştirakı olmadan dünyada heç bir məsələ həll oluna bilməz. Yaşadığımız bölgənin tarixi və bu günü bunu əyani şəkildə göstərir. Türkiyənin siyasi imkanları genişlənir, dünyadakı oynadığı rol artır və bu bizi çox sevindirir”.
Türkiyənin böyük iqtisadi gücə malik ölkə olduğunu vurğulayan dövlət başçısı qeyd edib ki, Türkiyə iqtisadiyyatına milyardlarla dollar xarici sərmayə qoyulması təsadüfi deyil. Təkcə Azərbaycanın Türkiyəyə qoyduğu və qoyacağı sərmayə 20 milyard dollara bərabərdir.
Türkiyənin çox güclü orduya malik olduğunu da diqqətə çatdıran Prezident İlham Əliyev deyib ki, bu həm Türkiyə, həm də Azərbaycan üçün qürur mənbəyidir: “Bütün bu uğurlar yalnız güclü liderin yorulmaz fəaliyyəti və xalqın Rəcəb Tayyib Ərdoğana olan dəstəyi nəticəsində mümkün olmuşdur”.
Bir sözlə, Bakının azad edilməsinin 100 illiyi münasibətilə keçirilən parad Azərbaycan-Türkiyə birliyinin sarsılmazlığını, əbədiliyini bir daha bütün dünyaya nümayiş etdirdi. Bu həm də Türkiyə-Azərbaycan birliyinin dünyada və regionda artan gücünün göstəricisi idi.
Bütün bu deyilənlərin fonunda, Azərbaycan üçün Türkiyənin gücü nədir, Türkiyə üçün Azərbaycanın gücü nədir? Məsələyə münasibət bildirən tarix elmləri üzrə fəlsəfə doktoru Məhərrəm Zülfüqarlı buna bir neçə aspektdən yanaşdı: “Nəzərə almaq lazımdır ki, qardaş ölkə olan Türkiyə NATO-nun üzvü olan yeganə müsəlman dövlətidir. Eyni zamanda, dünyada güclü orduya malik olan dövlətdir. Bununla yanaşı, dünya siyasətinə istiqamət verən, təsir etmək gücünə malik olan bir dövlətdir. Dünyada Türkiyə hər zaman Azərbaycanın mənafeyini müdafiə edir. Bir qardaş ölkə olaraq biz Türkiyənin dəstəyini hər zaman görmüşük. İnşallah, bundan sonra da bu dəstəyi görəcəyik. Türkiyə üçün Azərbaycanın önəminə gəldikdə isə, Azərbaycan qardaş ölkəni neft və qazla təmin edən, böyük təbii sərvətlərlə zəngin bir ölkədir. Azərbaycanın neft və qaz kəmərlərinin Türkiyədən keçməsi qardaş ölkəyə böyük iqtisadi gəlir gətirir. Neftdən kənar sahələrdə də əməkdaşlıq hər iki ölkə üçün əhəmiyyətlidir. Çünki hər iki ölkə bir-birinə qarşılıqlı sərmayələr qoyur. Bir məqamı da nəzərə almaq lazımdır ki, Azərbaycan Türkiyəni Mərkəzi Asiyanın türk dövlətləri ilə birləşdirən körpüdür. Mərkəzi Asiya ölkələrinə gedən ən qısa yol Azərbaycandan keçir. Azərbaycan sözügedən məsələdə önəmli rola malikdir. Bu baxımdan iki qardaş ölkənin bir-birilə çox sıx bağlılığı var. Azərbaycan nisbətən kiçik dövlət olsa da, bu baxımdan biz bir-birimizi tamamlayırıq. Necə deyərlər, Azərbaycanla Türkiyənin bir-birinə dəstək olması dünyanın gözü qarşısındadır. İnşallah, bu dəstək davam edəcək və bunun sayəsində hər iki dövlət güclənəcək”.
Vidadi ORDAHALLI