Yeganə Hacıyeva: “Bütün bu uğurların kökündə İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət kursu durur”
Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsindəki Savalan yaşayış massivində 28 nömrəli tam orta məktəbin açılış mərasimi olub.
Mərasimdə Prezident İlham Əliyev çıxış edib və deyib ki, bu gün ölkəmizin dünyadakı rolu, əhəmiyyəti artır: “Bölgədə Azərbaycanın iştirakı olmadan heç bir layihə icra edilə bilməz. Yaşadığımız regionda bizim siyasətimizdən, qərarımızdan çox şey asılıdır. Əlbəttə, bu amili nəzərə alaraq Azərbaycana təsir etmək istəyən xarici qüvvələrin də sayı az deyil. Azərbaycan vətəndaşları bunu bilirlər. Ancaq bizim çox güclü siyasi iradəmiz qoymur ki, Azərbaycanı hansısa avantüralara, yaxud da bizim milli maraqlarımıza uyğun olmayan təşəbbüslərə çəksinlər. Ona görə ki, bizim çox güclü siyasi iradəmiz, güclü iqtisadi potensialımız var. Biz müstəqil siyasət aparırıq, heç kimdən asılı deyilik. Hesab edirəm, Prezident kimi fəaliyyətim dövründə bu əsas nəticələrdən biridir ki, bu gün Azərbaycan tam müstəqil siyasət aparır. O siyasət ki, milli maraqlar və ənənəvi dəyərlər üzərində qurulub və elə etməliyik ki, gələcək nəsil də öz gələcəyini bu istiqamətdə görsün. Gələcək nəsil də, ilk növbədə, vətənpərvər olmalıdır, milli ruhda tərbiyə almalıdır, öz doğma Vətəninə bağlı olmalıdır, bizim qədim ənənələrə sadiq olmalıdır və bilikli, savadlı olmalıdır. Belə olan halda, ölkəmizin gələcəyi də parlaq olacaq”.
Göründüyü kimi, ölkə başçısı xüsusi olaraq qeyd edib ki, bizim çox güclü siyasi iradəmiz Azərbaycanı hansısa avantüralara, yaxud da bizim milli maraqlarımıza uyğun olmayan təşəbbüslərə çəkməyə qoymur. Azərbaycan indiyə kimi bu siyasəti necə apara bilib?
Politoloq Yeganə Hacıyevanın sözlərinə görə, Prezident bu məqamı çox doğru olaraq vurğulayır: “Bilirsiniz ki, biz mürəkkəb coğrafiyada yerləşirik. Burada bir çox geosiyasi maraqlar toqquşur. Təbii ki, maraqları toqquşan hər bir güc Azərbaycanı öz tərəfinə çəkmək istəyir. Ancaq Azərbaycan dövlətinin yürütdüyü düzgün xarici siyasət kursu bizim həmin oyunlarda iştirakçı olmamızı, kimlərinsə maraqlarına görə hədəfə gəlməyimizi qadağan edib. Bunun adına balanslaşdırılmış siyasət deyirlər. Biz, eyni zamanda, Ermənistan istisna olmaqla, bütün qonşularımızla yaxın qonşuluq siyasəti yürütmüşük. Yəni bizim üçün hansısa başqa dost ölkənin hansısa qonşumuzla münasibətinin yaxşı olmaması heç də o anlama gəlmir ki, biz onlardan hansınınsa tərəfini tutmalıyıq. İranla bağlı məsələni qeyd etmək istərdim. Azərbyacan anti-İran koalisiyasında təmsil olunan ölkələrin çoxu ilə yaxın münasibətə malikdir. Ancaq buna baxmayaraq, sərt şəkildə bəyan edib ki, bizim ərazimizdən İrana qarşı hansısa başqa məqsədlər üçün istifadə edilə bilməz. Hətta mən bir faktı xüsusi olaraq fəxrlə vurğulamaq istərdim. Azərbaycan nə hansısa ölkələrin təsirinə düşür, nə də başqalarının hədəfinə gəlir, böyük ölkələr arasında barışdırıcı missiyanı uğurla həyata keçirməyi bacarır. Məsələn, Suriyada rus təyyarəsinin vurulmasından sonra Azərbaycanla qonşu olan iki ölkənin münasibəti bir qədər soyudu. Buna baxmayaraq, Azərbaycan tələsik olaraq onların hansınınsa yanında olmaq kimi qərar vermədi. Öz məsafəsini qoruyaraq, tərəfləri barışdırmaq missiyasını üzərinə götürüb, onu uğurla həyata keçirdi. Bunu hər bir ölkə bacara bilməzdi. Azərbaycanın etibarı, imici bunu etməyə imkan verdi. Bütün bu uğurların kökündə İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət kursu durur”.
Məhəmmədəli QƏRİBLİ