Vüqar Rəhimzadə: “Əminəm ki, bundan sonra da yürüdülən siyasətin uğurlarına birgə şahidlik edəcəyik”
Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsindəki Savalan yaşayış massivində 28 nömrəli tam orta məktəbin açılış mərasimində iştirak edən Prezident İlham Əliyev çıxışı zamanı bildirib ki, dünyanın müxtəlif yerlərində qanlı toqquşmalar, müharibələr, iqtisadi-sosial böhranlar, inqilablar geniş vüsət alıb:
“Təhlükə mənbələri getdikcə artır. Getdikcə daha çox narahatedici məqamlar üzə çıxır. Ancaq Azərbaycan sabitlik məkanıdır. Azərbaycanda insanlar sülh, təhlükəsizlik, əminamanlıq şəraitində yaşayırlar. Azərbaycanda sosial və iqtisadi məsələlər öz həllini tapır. İndi baxın, ölkəmizə nə qədər böyük investisiyalar qoyulur. Əgər biz təkcə təhsil sahəsini götürsək, üç min məktəbin tikintisi böyük maliyyə vəsaiti tələb edir. Yollar, su xətləri, elektrik xətləri, qazlaşdırma, hərbi gücümüzün möhkəmləndirilməsi, energetika və nəqliyyat layihələrimiz. Bütün bunları biz öz hesabımıza etmişik. Bu gün dünya miqyasında, xüsusilə yaşadığımız regionda Azərbaycan seçilən ölkələrdəndir. Sülh, əminamanlıq, inkişaf, sosial rifah Azərbaycanda təmin edilir və bundan sonra da təmin olunacaq. Çünki bizim gələcəyimizlə bağlı heç bir narahatlıq, heç bir şübhə yoxdur. Çünki biz bundan sonra da ancaq inkişaf yolu ilə gedəcəyik.
Bunu təmin etmək üçün biz, ilk növbədə, daha güclü olmalıyıq. Bir daha demək istəyirəm ki, bizim siyasətimizə heç bir qüvvə təsir edə bilməz. Bunu son 15 il ərzindəki vəziyyət dəfələrlə təsdiqləyib. Siz gənclər gələcəkdə Azərbaycanı idarə edəcəksiniz. Ölkəmizin, xalqımızın taleyi sizdən asılı olacaq. Ona görə siz həmişə bilməlisiniz ki, ilk növbədə milli maraqlardır, ilk növbədə Vətənin xoşbəxtliyidir, ilk növbədə müstəqil siyasət aparılmalıdır. Əlbəttə ki, valideynlər, müəllimlər, bütövlükdə cəmiyyət bu işdə öz rolunu oynayır və oynayacaq. Belə gözəl məktəbdə oxumaq və tərbiyə almaq üçün bütün şərait var”.
Prezidentin bizim gələcəyimizlə bağlı heç bir narahatlıq, heç bir şübhənin olmaması ilə əlaqədar səsləndirdiyi optimist fikir xüsusilə diqqəti çəkir. Cənab Prezidentdə bu əminlik hardandır?
“İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, cənab Prezident bu sözləri özünün rəhbəri olduğu hakimiyyətin zamanında əldə olunan uğurlara əsaslanaraq söyləyir: “Biz bu uğurları bütün sahələrdə müşahidə edirik. Prezident İlham Əliyevin ölkəni idarə etdiyi dönəmdəki statistikaya nəzər yetirsək, şahidi olarıq ki, heç bir sahədə geriləmə müşahidə olunmur. Əksinə, həyatın bütün sferalarında ilbəil irəliləmənin şahidi oluruq. Bura siyasi, iqtisadi, hərbi və s. sahələrin adını çəkinmədən əlavə edə bilərik. Həyata keçirilən bu vacib işlərin bir qayəsi olub - Azərbaycan vətəndaşının rifahını daha da yüksəltmək. Bütün bu faktorlar Azərbaycanı daha da qüdrətli edir. Biz bu müsbət nəticələri, eyni zamanda, Azərbaycan Prezidentinin rəhbərliyi altında başqa ölkələrlə həyata keçirilən uğurlu xarici əməkdaşlıq sayəsində əldə etmişik. Əminəm ki, bundan sonra da yürüdülən siyasətin uğurlarına birgə şahidlik edəcəyik. Bunun da nəticəsində Azərbaycan daha güclü, daha qüdrətli dövlətə çevrilmiş olacaq. Düşünürəm ki, Prezidentdə yaranan möhkəm əminliyin kökündə bu amillər dayanır”.
Məhəmmədəli QƏRİBLİ