Bu gün Azərbaycanın paytaxtında Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş parad keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və birinci xanım Mehriban Əliyeva paradda iştirak ediblər.
Paradda Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış ediblər. Çıxışlardan sonra Bakı Qarnizonunun şəxsi heyətinin təntənəli keçidi olub. Cəmşid Naxçıvanski adına hərbi liseyin, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursantlarından, Bakı Qarnizonu zabitlərindən ibarət parad heyəti tribunanın önündən keçiblər. Meydana Türkiyə Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları, Əməliyyat İmkanları Konsepsiyası və Əməliyyat Ehtiyatları taborlarını təmsil edən parad heyəti, Xüsusi Təyinatlı Qüvvələrin və Dəniz Piyadaları bölmələrinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasının hərbi qulluqçuları daxil olublar. Daha sonra Bakı Qarnizonunun birlik, birləşmə və hərbi hissələrinin xüsusi texnikaları və silah sistemlərinin keçidi olub.
Bir sözlə parad möhtəşəmliyi ilə yadda qaldı. Nəzərə almaq lazımdır ki, sözügedən parad xüsusi əhəmiyyət kəsb edir. Ona görə ki, bu təntənəli hərbi tədbir Bakının azad olunmasının 100-cü ildönümündə keçirildi.
Ümumilikdə sözügedən paradın əhəmiyyəti necə dəyərləndirilir?
Məsələyə münasibət bildirən tarix elmləri üzrə fəlsəfə doktoru Məhərrəm Zülfüqarlının sözlərinə görə, parad çox möhtəşəmliyi ilə yadda qaldı: “Bakının azad edilməsi ilə bağlı belə bir möhtəşəm tədbirin keçirilməsi əlamətdar hadisədir. O baxımdan mən buna çox müsbət yanaşıram. Ona görə ki, bu bizim tariximizdir. Yüz il əvvəl Qafqaz İslam Ordusu Bakını daşnaklardan azad etdi. Bunun sayəsində böyük uğur əldə olundu. Parad həm də Azərbaycan Türkiyə qardaşlığını bütün dünyaya göstərdi. Göstərdi ki, bu qardaşlıq sarsılmazdır. Hesab edirəm ki, parad həm də Azərbaycan ordusunun gücünü, qüdrətini göstərdi. Ötən illər ərzində Azərbaycan ordusu böyük inkişaf yolu keçib. Parad göstərdi ki, ordumuz hər an torpaqlarımızı azad etməyə hazırdır”.
Vidadi ORDAHALLI