Bu gün paytaxt Bakıda, "Azadlıq" meydanında şəhərin azad edilməsinin 100 illiyi münasibəti ilə möhtəşəm parad keçirilib. Paradda Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyip Erdoğan da iştirak ediblər.
Yüzlərlə vətəndaş göstərini izləmək üçün paradın keçiriləcəyi "Azadlıq" meydanı və Neftçilər prospekti istiqamətinə axın edib. Paradda ən müasir zirehli texnikalar, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, helikopterlər, pilotsuz uçuş aparatları kimi müxtəlif növ ən yeni silah və texnikalar nümayiş olunub.
Keçirilən möhtəşəm paradla bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən Azərbaycan Aydınlar Ocağının sədri Vüqar Qədirov bildirdi ki, bu dəfəki paradı müxtəlif aspektlərdən dəyərləndirmək olar: “Xatırladaq ki, 1918-ci il sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakıya daxil olaraq şəhəri bolşevik işğalından azad edib. Beləliklə, Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin paytaxtı sentyabrın 17-də Gəncə şəhərindən Bakıya köçürülüb. Bu gün həmin hadisənin üstündən bir əsirlik tarix keçir. Qardaş Türkiyə ilə keçirilən birgə parad bir daha təsdiqlədi ki, iki qardaş ölkə bu gün də birlikdədir. Bu baxımdan da parad tarixi əhəmiyyətliliyi baxımından önəmli məna kəsb edir. Azərbaycan ərazisi işğala məruz qalan ölkədir. Parad həm də, son bir neçə ildə Azərbaycan Silahlı Qüvvələrinin müsbətə doğru necə dəyişdiyini nümayiş etdirdi. Eyni zamanda sübut olundu ki, Azərbaycan və Türkiyə strateji və hərbi tərəfdaş ölkə kimi birlikdə istənilən regional problemi həll edə biləcək gücə və qarşılıqlı etimada malikdir. Bütün bunlarla yanaşı, biz minlərlə sadə vətəndaşlarımızın necə həvəslə paradı seyr etməyə maraq göstərdiyinin şahidi olduq. Bu da milli ruhun necə yüksək olduğunun göstəricisi sayıla bilər. Qeyd edim ki, bu möhtəşəm tarixi hadisə ilə bağlı biz Azərbaycan Aydınlar Ocağı olaraq, Azərbaycan Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının və Türkiyə Anadolu Aydınlar Ocağının birgə təşkilatçılığı ilə "Qafqaz İslam Ordusu tərəfindən Bakının erməni-bolşevik işğalından azad edilməsinin 100 illik yubileyi"nə həsr edilmiş elmi-praktik konfrans keçirdik. Konfransda Millət vəkillərinin, Aydınlar Ocaqlarının, Müharibə Qazilər Dərnəyinin, Türkiyə Əməkli Subaylar Dərnəyinin nümayəndələri iştirak etdilər. Hesab edirəm ki, bu möhtəşəm tarixi gün iki qardaş ölkəni bir-birinə daha da yaxınlaşdırmış oldu”.
Məhəmmədəli QƏRİBLİ