Ermənistanın İstintaq Komitəsi Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vanetsyan və Xüsusi İstintaq Xidmətinin başçısı Sasun Xaçatryanın gizli səs yazısının yayılması ilə əlaqədar bu ölkədə yaranan qalmaqal davam edir. İş o yerə gəlib çatıb ki, baş verənlər Nikol Paşinyan iqtidarının repressiv mahiyyətini üzə çıxardığından, baş nazir sadəcə onun göstərişlərini yerinə yetirən bu məmurları qurban vermək qərarına gəlib.
Belə ki, onlar barəsində Baş Prokurorluqda açılan cinayət işini qəbul edərək istintaq prosesi başladıb. Ermənistan İstintaq Komitəsi bildirir ki, həmin səs yazısında Artur Vanetsyan və Sasun Xaçatryanın vəzifə səlahiyyətlərini aşdıqlarına dair açıq-aydın faktlar var. Bu səbəbdən də, Baş Prokurorluq Cinayət Məcəlləsinin 309-cu maddəsinin 1-ci bəndini əsas tutaraq Milli Təhlükəsizlik Xidməti və Xüsusi İstintaq Xidməti rəhbərlərinə qarşı cinayət işi açmaqla İstintaq Komitəsinə göndərib. Komitə də, öz növbəsində, işin icraatına başlayıb.
Qeyd edək ki, məlum səs yazısında Vanetsyanla Xaçatryan ölkənin keçmiş prezidenti Robert Köçəryan və KTMT-nin fəaliyyətdə olan baş katibi Yuri Xaçaturov barəsində açılan cinayət işindən danışıblar. Telefon söhbətində onlar, Rusiyanın narazılığını nəzərə alaraq, Xaçaturovun əvəzinə günahı sabiq müdafiə naziri Seyran Ohanyanın üzərinə atmağı planlaşdırıblar. O da məlum olub ki, bütün bunlar Paşinyanın istəyi əsasında həyata keçirilib. Bütün bunların meydana çıxması isə Rusiyada Paşinyana qarşı narazılığı daha da artırıb. Rusiyalı politoloq Qriqori Trofimçuk “1in.am” saytına açıqlamasında bildirib ki, Moskva baş verənlərdən daha çox narazı qalmaqdadır: “Nikol Paşinyanın son müsahibəsi göstərir ki, o öz mövqeyində qalır və rəqiblərinə qarşı başlatdığı təzyiqləri azaltmaq niyyətində deyil“. Trofimçukun fikrincə, belə vəziyyətdə Ermənistanla Rusiya arasında problemlər artır və yeniləri də ortaya çıxacaq: “Məncə, son aylar iki ölkənin münasibətlərində meydana gələn bütün problemlər həll edilməmiş qalır. Paşinyan buna qədər də eyni ruhda çıxış edirdi və Rusiyanı heç bir halda özünün düşməni elan etmirdi. Digər tərəfdən anlamaq lazımdır ki, öncəki hökumətin nümayəndələrinə qarşı repressiyalar Paşinyanın yeganə daxili siyasi resursu olaraq qalır və o, bundan imtina edə bilməz. Belə ki, yaxın zamanlarda erməni vətəndaşları üçün iqtisadi situasiyanın yaxşılaşması mümkün deyil.
Moskva indi Ermənistanın daxilindəki hadisələri daha diqqətlə izləyəcək. Ermənistanda vəziyyət bundan sonra arzulanan kimi getməsə, bu təkcə Rusiyaya yox, bütün Avrasiya İttifaqı və KTMT üzvlərinə təsir göstərəcək.”. Onun sözlərinə görə, Moskva Paşinyanın hakimiyyətdən getməsinə yüksək həssaslıq göstərəcək: “Robert Köçəryan bu durumda yenidən ali dövlət vəzifəsinə gəlmək istəsə, bu, ölkədəki vəziyyəti dəyişəcək. Ona görə də Moskva nə qədər istəsə Köçəryanı dəstəkləyə bilər. Moskva Köçəryana bəslədiyi isti münasibəti heç vaxt Paşinyana bəsləməyəcək”. Moskvanın dəstəyini hiss edən Köçəryan isə Paşinyana qarşı daha sərt mövqeyə keçir. Proseslərə yenidən münasibət bildirən Köçəryan Paşinyanı diktator adlandırıb. “Yerevan Today” nəşrinə müsahibəsində o, yenidən xüsusi xidmət orqanları rəhbərlərinin telefon söhbətini məhkəmə sisteminə təzyiq kimi qiymətləndirərək, barəsində qaldırılan cinayət işinin siyasi təqib olduğunu bildirib.
Paşinyanın siyasi rezonans doğura biləcək həbslərə görə məsuliyyət daşıması barədə dediklərini xatırladan sabiq prezident bu bəyanatı Paşinyanın diktator meyllərinin əlaməti hesab etdiyini vurğulayıb: “İndi mən Ermənistan xalqını yeni diktator qazanması münasibətilə təbrik etməliyəm? Böyük şübhələrim var. Xalq anlamalıdır ki, baş verənlərin nəticələri Ermənistana baha başa gələcək. Baş nazir həbslərə görə məsuliyyəti üzərinə götürür, halbuki, konstitusiyaya əsasən buna hüququ yoxdur”.
Köçəryanın fikrincə, 1 mart işi üzrə bütün proses baş nazir tərəfindən yönləndirilir. Köçəryan Paşinyanı hədələyərək, baş naziri öz düşməni adlandırıb: “Siyasi proseslərdən danışarkən belə terminlərdən isitfadə etməzdim. Amma Paşinyanı mənə ilişdiyinə görə peşman edəcəm”. Ermənistanda hakimiyyət dəyişikliyindən sonra Paşinyanla müxtəlif cəbhələrdə yer almasının səbəbi ilə bağlı məsələyə münasibət bildirən Köçəryan deyib ki, bu sualın cavabını bilmir, ancaq görünür, baş nazir onda hansısa təhlükəni görür. Köçəryan bəyan edib ki, hakimiyyətə tamamilə fərqli geosiyasi prioritetlərə malik komanda gəlib: “O, vəziyyəti 180 dərəcə dəyişməyə çalışırdı, ancaq buna inanmıram. Onun bunu başa düşməsi üçün vaxt lazımdır: Bu oyundur, ya ciddiyyət?”. Köçəryan qeyd edib ki, prezident olan zaman Rusiya prezidenti Vladimir Putinlə dostluq əlaqələri olub. Bu əlaqələr indi də davam edir: “Biz son 10 ildə bu əlaqələri davam etdiririk, ancaq mən heç vaxt bu əlaqələrdən hansısa məqsədlər üçün istifadə etməmişəm”. Paşinyan Köçəryanın hədələrinə cavab verərək, onun yenidən həbsini istsina etməyib. Baş nazir Müdafiə Nazirliyini ziyarət etdikdən sonra jurnalistlər üçün qısa brifinqdə bu xüsusda bildirib: “1 mart hadisələrini törədən hər kəsi həbs etmək məqsədimdir”.Beləliklə, Ermənistanda siyasi durumun daha da kəskinləşməsi gözlənir. Rusiyanın dəstəyini alan Köçəryanın Paşinyanı devirmək üçün hərəkətə keçməsi isə vəziyyəti daha gərgin məcraya sürükləyir.
Nahid SALAYEV