Bəhruz Quliyev: “Bu da münaqişənin həllini yubadır”
Ermənistanın baş naziri Nikol Paşinyan hələ də "məxməri inqilab" eyforiyasından çıxa bilmir. Bu amil isə onun istər daxili, istərsə də xarici siyasətində ciddi səhvlərə yol verməsi ilə nəticələnir. Erməni baş nazirin Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində qondarma rejimi tərəf kimi təqdim etməsi bütün beynəlxalq və hüquqi konvensiyaları pozur.
Bundan başqa, hər dəfə bununla bağlı heç bir əndazəyə sığmayan açıqlamalarla çıxış edir. Bu günlərdə Moskvada biznes nümayəndələri ilə görüşü zamanı Paşinyan bəyan edib ki, qondarma “Dağlıq Qarabağ Respublikası” gələcəkdə Ermənistan ərazisinin tamhüquqlu bir hissəsi olmalıdır. Onun sözlərinə görə, Ermənistan Azərbaycanla Dağlıq Qarabağ ərazisi ilə bağlı mübahisələrdə güzəştə getməyəcək.
Paşinyan, həmçinin, qeyd edib ki, “bu kontekstdə hər hansı bir güzəşt zəiflik kimi qəbul ediləcək və Ermənistanın regionun ərazi mənsubiyyətində mövqeyi dəyişilməzdir”.
Digər tərəfdən, Dağlıq Qarabağın ətrafında yerləşən rayonların qaytarılmasına gəldikdə isə, o bunların qondarma quruma birləşdirildiyini deyib. Bütün bunlar əlbəttə ki, açıq-aşkar beynəlxalq hüququn pozulması deməkdir.
Əbəs deyil ki, dövlət başçısı İlham Əliyev ATƏT-in baş katibi Tomas Qremingerlə görüşündə bu məsələni xüsusi olaraq vurğuladı. Ölkə başçısı bildirdi ki, Azərbaycan tərəfi bənzər bəyanatları qətiyyətlə rədd edir. Prezident məsələni baş katibin nəzərinə çatdıraraq ATƏT-in ermənilərin sərsəm bəyanatlarına reaksiya verməsini tələb edib. Müşahidə olunan odur ki, Paşinyan hər vəchlə danışıqlar prosesini uzatmağa, hakimiyyət müddətini artırmağa cəhd göstərir. Ən başlıcası isə, Paşinyan bu açıqlamaları ilə indiyə qədər aparılmış danışıqlar prosesinin üstündən xətt çəkir. Qəribəsi odur ki, onun baş nazir olaraq bu cür avantürist açıqlamalarla çıxış etməsinə heç bir beynəlxalq qurum, o cümlədən ATƏT-in Minsk Qrupu öz münasibətini bildirmir. Halbuki, o cür açıqlamalar açıq-aşkar Dağlıq Qarabağ danışıqlarının pozulmasına xidmət edir.
Maraqlıdır, beynəlxalq birlik buna niyə reaksiya vermir?
Məsələyə münasibət bildirən “Səs” İnformasiya Agentliyinin rəhbəri, politoloq Bəhruz Quliyev bunu beynəlxalq qurumların Azərbaycana münasibətdə sərgilədikləri ikili siyasətlə əlaqələndirdi: “Paşinyan baş nazir olandan bəri Dağlıq Qarabağ danışıqlarından yayınmaq siyasəti yeridir. Bütün bunlar da beynəlxalq hüququn əksinə olan addımlardır. Belə mövqe davam etsə, Ermənistan təcrid vəziyyətində qalmaqda davam edəcək. Çünki beynəlxalq hüquq Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu təsdiq edir. Bir sıra beynəlxalq təşkilatlar bunu belə qəbul edirlər. Baxmayaraq ki, həmin ərazilər işğal altındadır. Paşinyan isə səsləndirdiyi fikirlərlə özünü küçə siyasətçisi kimi aparır. Belə ki, anormal açıqlamaları ilə daxili auditoriyaya hesablanmış addımlar atır. Paşinyan bu siyasəti davam etdirəcəksə, Ermənistan böyük bir uğursuzluğa düçar olacaq. Bu gün beynəlxalq təşkilatların Paşinyanın verdiyi bəyanatlara, atdığı addımlara reaksiya verməməsi ikili standartlardan irəli gəlir. Bu, əslində, yeni deyil. Məsələ ondadır ki, beynəlxalq təşkilatlar zaman-zaman Azərbaycana qarşı ikili standartlardan çıxış ediblər. Bu səbəbdən növbəti dəfə belə yanaşmanın şahidi olduq. ATƏT-in Minsk Qrupu çox təəssüflər olsun ki, neçə ildir ortalığa bir nəticə qoymayıb. Bu da münaqişənin həllini yubadır. Ermənistanın son çağırışları əlbəttə ki, qəbuledilməzdir və beynəlxalq birlik buna öz münasibətini bildirməlidir. Nəzərə almaq lazımdır ki, Paşinyan bu və digər addımları ilə müharibəni yaxınlaşdırır. Ancaq Azərbaycan Silahlı Qüvvələri hər an torpaqlarımızı azad etməyə qadirdir”.
Vidadi ORDAHALLI