Məhəmməd Əsədullazadə: “Xüsusilə Dağlıq Qarabağ münaqişəsinin həllində aktivlik göstərməlidir”
ATƏT Parlament Assambleyasının prezidenti Georgi Seretelinin Cənubi Qafqaz üzrə yeni xüsusi nümayəndəsini təyin edəcəyi gözlənir. Bu barədə ATƏT-in saytında yerləşdirilmiş bəyanatda deyilir. Bu vəzifəyə namizədlər barədə mətbuatın ünvanladığı suala cavab verən ATƏT PA-nın nümayəndəsi Net Parri bildirib ki, hazırda G.Sereteli mümkün variantları nəzərdən keçirir, hələlik təyinat üçün müəyyən vaxt çərçivəsi yoxdur.
Qeyd edək ki, daha əvvəl bu vəzifənu tutan bolqarıstanlı siyasətçi Kristian Vigenin 2018-ci ilin fevralında istefa vermişdi. O vaxtdan indiyə qədər həmin vəzifəyə kimsə təyin edilməyib.
Ancaq o da var ki, ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəliyi praktiki olaraq heç bir iş görməyib. Halbuki, sözügedən qurumdan ilk vaxtlar və ondan sonrakı dövrlərdə bir sıra gözləntilər olub. Ancaq müşahidələr göstərir ki, praktiki baxımdan bu gözləntilərin heç biri özünü doğrultmayıb. Halbuki, Cənubi Qafqazda həllini gözləyən bir sıra məsələlər var və bu işdə qurum praktiki fəaliyyəti ilə bütün bu işlərə öz töhfəsini verməlidir. O baxımdan əməli iş ortaya qoymaq üçün ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi nə etməlidir? İşini hansı istiqamətdə qurmalıdır?
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadə bir sıra məqamlara toxundu: “ATƏT PA Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigenin bu il fevral ayında öz vəzifəsindən istefa verdi. Ümumiyyətlə, ölkəmizlə ATƏT arasında siyasi əməkdaşlıq ikitərəfli qarşılıqlı əlaqələrə əsaslanır. Qeyd edim ki, ATƏT-in fəaliyyətində Cənubi Qafqazda münaqişələrin həlli bir tərəfə qalıb, əsasən demokratiya və insan haqları məsələlərini daim gündəlikdə saxlayıblar. Ancaq ATƏT PA-nın xüsusi nümayəndəsi, bununla belə, regionda ümumi təhlükəsizliyin əldə olunması üçün diplomatik təmasları artırmalı idi. Təəssüf ki, bu illər ərzində biz ATƏT formatında olan Minsk Qrupunun fəaliyyəti, demək olar, uğursuz olaraq qiymətləndirilməlidir. ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi hesab edirəm ki, bundan sonra regionda dəyişən şərtlər fonunda daha da aktiv siyasət yürütməlidir Xüsusilə Dağlıq Qarabağ münaqişəsinin həllində aktivlik göstərməlidir. Regionda hazırda çox gərgin siyasi situasiya hökm sürür. ATƏT PA-nın xüsusi nümayəndəsi regionun aparıcı ölkəsi olan Azərbaycanla əməkdaşlığa önəm verməlidir. Çünki Azərbaycanla əlaqələr xüsusilə regionla ümumi əməkdaşlığı xarakterizə edir. Nə İrəvanla, nə də Tiflislə qurulan əlaqələr bu təşkilatın işinə ciddi töhfə verməyəcək. Hesab edirəm ki, ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin fəaliyyəti, sələflərindən fərqli olaraq, daha dinamik və münaqişələrin həllində diplomatik hərəkətliliyi ilə seçiləcək”.
Vidadi ORDAHALLI