Əhəd Məmmədli: “Paşinyan ən yaxşı halda Fransada danlana bilər”
Ermənistanın baş naziri Nikol Paşinyan Fransa Prezidenti Emmanuel Makronun dəvəti ilə Parisə gedib. Paşinyan Parisdə erməni icmasının üzvləri və Fransa prezidenti ilə görüşləri planlaşdırılır. Erməni baş nazir Paris Meriyasında da olacaq.
Paşinyanın səfəri çox maraqlı bir dönəmə təsadüf edir. Bu xüsusda onun Rusiyaya baş tutan uğursuz səfərini xüsusi olaraq vurğulaya bilərik. Qeyd edək ki, səfərin eyni zamanda İlham Əliyevin Fransa və Rusiyaya reallaşan və məhsuldar sayılan turnesindən sonraya təsadüf etməsi də maraqlıdır. Bu baxımdan Paşinyanın Fransa səfərindən hansı nəticəni gözləmək olar?
Politoloq Əhəd Məmmədli qəzetimizə bildirdi ki, bu səfəri sıradan saymaq olmaz: “Paşinyan bu səfəri hakimiyyətinin qeyri-müəyyən olan xarici siyasətinin yaşandığı zamanda reallaşdırır. Bundan əvvəl Rusiyada olub və ekspertlər həmin səfəri uğursuz adlandırırlar. Bir faktı da xüsusi olaraq qeyd edim ki, bundan əvvəl İlham Əliyevin ATƏT-in Minsk Qrupunun həmsədri olan iki ölkəyə uğurlu səfəri reallaşıb. Tərəflər səfərlərin nəticəsindən qarşılıqlı məmnunluq ifadə ediblər. Bu baxımdan da hesabın 2-0 İlham Əliyevin xeyrinə olduğunu deyə bilərik.
Xristian dünyası, Avropanın iki ən dayaq ölkəsi Rusiya ilə Fransadır. Görünür, yeni erməni iqtidarı dayaqlarını möhkəmləndirmək üçün turneyə çıxıb. Rusiya ilə Ermənistanın indiki hakimiyyətinin münasibətləri istənilən səviyyədə deyil. Paşinyanin Putinlə son görüşü onu göstərdi ki, İrəvanla Moskva arasında problemlər qalmaqdadir. Paşinyanın Qərbə meylli "müstəqil" siyasəti Moskvanı qane etmir. Düzdür, Kreml hələ İrəvana qarşı hərəkətə keçmir, amma bu o demək deyil ki, Rusiyanın səbri sonsuzdur. Paşinyan bilərəkdən tez-tələsik Parisə qaçıb ki, dəstək alsın. Paris sözdə hər bir dəstəyi İrəvana verəcək, amma reallıqda ciddi dəstək verə bilməyəcək. Fransanın Ermənistana əsas da yerli lobbi vasitəsilə təsiri var, amma Rusiyanın hücumları qarşısında Paris də İrəvanı qoruya bilməyəcək. Çünki Fransa ilə Azərbaycan arasında olduqca mühüm razılaşmalar əldə edilib ki, Paris heç bir vəchlə Paşinyana açıq dəstək verməklə onları zərbə altına qoymaz. Paşinyanın mövqeyi elədir ki, ona dəstəyin verilməsi də müşküldür. Bu adam Fransanın da uzun illərdən bəri yürütdüyü vasitəçilik missiyasını yerə vurur və ümumi danışıqlar prosesinin mahiyyətinə zidd olan açıqlamalar verir. Mənə elə gəlir ki, Paşinyan ən yaxşı halda Fransada danlana bilər”.
Məhəmmədəli QƏRİBLİ