Elşən Həsənov: “Demokratiyanın başlıca şərtləri insan hüquq və azadlıqlarına hörmət etmək, başqa ölkələrlə münasibətdə sayğılı olmaqdır ki...”
ABŞ-ın Xarici Siyasət Şurasının baş elmi işçisi Stiven Blankın “Washington Times” qəzetində dərc olunan məqaləsində deyilir ki, Azərbaycanla sülh Ermənistanda demokratiyanın ilkin şərtidir.
Müəllif qeyd edir ki, Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanla danışıqlar aparmaq niyyətində olmadığını təsdiq edən çoxlu bəyanatlar verib: “Bununla belə, Paşinyan istəmədən də olsa, öz demokratik kampaniyasını təhlükə altına qoyub. Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxladığı müddətdə bu ölkədə sülh olmayacaq. Azərbaycanla sülh Ermənistanda demokratiyanın ilkin şərtidir”.
Məqalədə qeyd olunur ki, sülh Ermənistanın demokratikləşdirilməsi, irəli getməsi üçün yeganə zəmanətdir: “Paşinyan Nyu Yorkda prezident Trampla görüşmək istəyir. Amma bu görüş baş tutanadək Paşinyan ABŞ-a onu dəstəkləməsi üçün səbəblər göstərməlidir”.
Dünyanın nüfuzlu qəzetində dərc olunan məqalədən bu nəticəyə gəlinir ki, Azərbaycanla sülh əldə olunmayacağı təqdirdə dünya Ermənistanın demokratik ölkə olduğuna inanmayacaq. Bu yanaşmanı nə dərəcədə əsaslı saymaq olar?
Ekspert Elşən Həsənovun sözlərinə görə, bu olduqca doğru yanaşmadır: “Bu münaqişədə olan əsas iki tərəf var - Azərbaycan və Ermənistan. Tərəflər hazırda müharibə şəraitindədir. Bəs müharibəyə nə səbəb olub? Ermənistanın öz qonşusunun ərazisini işğal etməsi. Bu baxımdan da müharibə və ya münaqişə bizim üçün şərəf, Ermənistan üçün isə şərəfsizlik ərz edir. Bizim hətta bu münaqişədə ölən əsgərimiz belə şəhid sayılır. Ancaq Ermənistan əsgərinin yerinə yetirdiyi missiya işğalçılıq və qəsbkarlıqdır. Bütün bunlara baxmayaraq, Azərbaycan sülh istəyir, torpaqların sakit yolla geri qaytarılmasına etiraz etmir. Ermənistan isə düz 30 ildir qeyri-konstruktivlik nümayiş etdirir. Müxtəlif bəhanələrlə sülhdən yayınır. Bilir ki, sülhün əldə olunmasının kökündə işğaldan əl çəkmək durur. Belə addımları atan ölkəni necə demokratik saymaq olar? Lap götürək ki, Ermənistanın daxilində ideal və demokratik bir quruluş qurulacaq. Dünya Azərbaycanla sülh əldə olunmayana qədər həmin ölkəni demokratik saya bilməz. Çünki demokratiyanın başlıca şərtləri insan hüquq və azadlıqlarına hörmət etmək, başqa ölkələrlə münasibətdə sayğılı olmaqdır. Ermənistan isə hələ ki, bu şərtlərə əməl etmək istəmir. Çox təəssüflər olsun ki, özünü demokratik qüvvələrin təmsilçisi sayan Paşinyan da hakimiyyətə gələndən sonra əvvəlki diktatorlardan da pis mövqe ortaya qoyur. Bununla da Ermənistanın onsuz da mənfi olan reputasiyası bir az da korlanmış olur”.
Məhəmmədəli QƏRİBLİ