Mehdi Mehdiyev: “Bütün bunlar hansısa formada Dağlıq Qarabağ danışıqları prosesinə təsir göstərə bilər”
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən, müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə sentyabrın 17-dən 22-dək Azərbaycan Ordusunun müxtəlif qoşun növləri, qismləri, birlik və birləşmələrinin iştirakı ilə genişmiqyaslı əməliyyat-taktiki təlimləri keçiriləcək.
Belə ki, təlimlərə 20 mindən artıq şəxsi heyət, 200-dən çox tank və digər zirehli texnika, 120-dən çox müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri və minaatan, 10-dək qırıcı və bombardmançı, 20-dək müxtəlif təyinatlı ordu aviasiyası cəlb olunacaq.
Diqqətçəkən məqamlardan biri odur ki, təlimlər zamanı eşelonlaşdırılmış düşmən müdafiəsinin tanklar vasitəsilə müxtəlif istiqamətlərdə yarılması, Qarabağ ərazisindəki Ermənistan hərbi qruplaşmalarının, eləcə də onun ön xətt qüvvələrinin darmadağın edilməsi, düşmən ərazisinin dərinliyində yerləşən hərbi və strateji obyektlərin raket-artilleriya və aviasiya zərbələri ilə məhv edilərək ərazilərimizin azad edilməsi üzrə tapşırıqlar yerinə yetiriləcək.
Təlimlərdə, həmçinin, son illər ərzində Azərbaycan Ordusunun silahlanmasına qəbul edilmiş ən yeni hərbi texnika və silahlara şəxsi heyətin yiyələnmə vərdişləri yoxlanacaq.
O da məlumdur ki, Ermənistanın hazırkı rəhbərliyi Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı olduqca qeyri-konstruktiv mövqe sərgiləməkdədir. O baxımdan təlimlərin mahiyyəti və indiki dövrdə keçirilməsi Dağlıq Qarabağla bağlı danışıqlar prosesinə nə kimi təsir göstərə bilər?
Məsələyə münasibət bildirən hərbi ekspert Mehdi Mehdiyevin sözlərinə görə, indiki dövrdə sözügedən təlimlərin keçirilməsi mühüm əhəmiyyət kəsb edir: “Məsələ ondadır ki, Ermənistanda da buna bənzər hərbi təlim keçirilir. Həmin hərbi təlimdə məqsəd Azərbaycana müharibə elan edib hərbi əməliyyatlara başlamaqdır. Bu, Ermənistanın işğalçı siyasətinin dövlət səviyyəsində olmasını bir daha təsdiq edir. Təbii ki, Azərbaycan düşmən tərəfinin hərbi təlimlərini izləyir və müəyyən məqamlarla bağlı taktiki baxımdan qabaqlayıcı tədbirlər görür. Yəni Azərbaycan Ordusu da təlimlər keçirir. Məhz həmin istiqamətlər üzrə hərbi peşəkarlığı daha da artırır. Təbii ki, Azərbaycan bu təlimlərdə ən müasir silah və döyüş texnikasını istifadə etməklə şəxsi heyətin peşəkarlığını artırır. Eyni zamanda, hər bir dəyişilən texnika və silahın yeni istifadə olunacaq taktiki gedişatlarda tətbiqi qaydaları təzələnir. Ermənistanın hazırkı rəhbərliyinin apardığı siyasət bir daha açıq-aşkar göstərir ki, onlar Qarabağ danışıqları ilə bağlı kompromisə getməkdə maraqlı deyillər. Belə olan halda, Azərbaycana başqa seçim yolu qalmır. Azərbaycan öz qanuni hüququndan istifadə edib hərb yolu ilə torpaqlarını azad etmək məcburiyyətinə gəlib çıxıb. O baxımdan belə bir ərəfədə hərbi təlimlərin keçirilməsi Azərbaycan Ordusu üçün xüsusi önəm kəsb edir. Eyni zamanda, eşelonlaşdırılmış təlimlərdə bütün qoşun növlərinin birgə iştirakı onların arasında döyüş zamanı qarşılıqlı əlaqənin yaranmasına və o sahədə də peşəkarlığın daha da artırılmasına xidmət edəcək. Bütün bunlar hansısa formada Dağlıq Qarabağ danışıqları prosesinə təsir göstərə bilər”.
Vidadi ORDAHALLI