Vüqar Bayramov: “İki ölkə arasında ticarət dövriyyəsinin 1 milyard dollara çatdırılması planlaşdırılır”
Prezident İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibəsində bildirib ki, iqtisadi-ticari əməkdaşlığımız son illərdə sürətli inkişaf dinamikası nümayiş etdirir:
“Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi 2025-ci ildə əvvəlki illə müqayisədə üç dəfədən çox artıb və 795 milyon dollar təşkil edib. Bu, əla göstəricidir. Bundan əlavə, 2026-cı ilin yanvar-may aylarında ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 33 faiz artaraq 144 milyon dollara çatıb. Üç il əvvəl 500 milyon ABŞ dolları məbləğində ümumi kapitalla təsis edilən Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti ölkələrimiz arasında investisiya əməkdaşlığının inkişafı üçün mühüm platformaya çevrilib”.
Sözügedən məsələni baki-xeber.com-a şərh edən millət vəkili Vüqar Bayramovun fikrincə, Azərbaycanla Özbəkistan arasında strateji münasibətlər iqtisadiyyatın fərqli sahələrində əməkdaşlığın daha da dərinləşməsinə gətirib çıxarıb: “2025-ci ildə Azərbaycan ilə Özbəkistan arasındakı ticarət dövriyyəsi əvvəlki ilə nisbətən 3.2 dəfə artaraq 795 milyon dollara çatıb. Ticarət dövriyyəsindəki artımlar fonunda iki ölkə xarici əlaqələrin və bütövlükdə ölkələr arasında ticarət dövriyyəsinin 1 milyard dollara çatdırılmasını hədəfləyirlər. Müşahidə edilən dinamika ondan xəbər verir ki, yaxın dövrlərdə Azərbaycan və Özbəkistan bu hədəfə nail ola biləcək. İki ölkə arasında investisiya qoyuluşunda qarşılıqlı olaraq dərin əməkdaşlıq formalaşır. Belə ki, üç il əvvəl 500 milyon dollar ümumi kapitalla təsis edilən Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti ölkələrimiz arasında investisiya əməkdaşlığının inkişafı üçün mühüm platformaya çevrilib. Fond artıq çoxsaylı layihələrin maliyyələşdirilməsini həyata keçirir. Özbəkistan və Azərbaycanda biznesin inkişafına investisiya edən şirkət sahibkarlığın böyüməsinə və yeni bazarlara çıxmasına kömək edir. Layihələr üzrə yönəldilən investisiya həcmi 25 milyon dollaradək dəyişir. Bütün bunlar ölkələr arasında iqtisadi əməkdaşlığın daha da güclənməsinə və nəticə etibarı ilə strateji münasibətlərin dərinləşməsinə xidmət edir. Konkret layihələrə gəldikdə isə, Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti iqtisadiyyatın müxtəlif strateji sektorlarında ümumi dəyəri 360 milyon dollar ətrafında dəyişən 15-dən çox birgə layihənin maliyyələşdirilməsini və təhlilini həyata keçirir. Sənaye və istehsalatda müxtəlif sektorları əhatə edən 4 mühüm istehsalat müəssisəsinin maliyyələşdirilməsini həyata keçirilir və buraya daxili bazara və ixraca yönəlmiş idxaləvəzləyici yüksək texnoloji istehsal xətləri daxildir. Bütün bunlarla yanaşı, Azərbaycanla Özbəkistan nəqliyyat-logistika ahəsində əməkdaşlığı gücləndiriblər. Xüsusən də Mərkəzi Asiya-Azərbaycan üzərindən daşınan yüklərin həcmində artımlar müşahidə edilir. Eləcədə iki ölkə arasında yükdaşımaların həcmində də artımlar müşahidə edilir. Bu, bir tərəfdən strateji münasibətlərin səviyyəsini göstərir, digər tərəfdən gömrük və digər istiqamətlərdə elektronlaşma ilə əlaqədardır”.
Vidadi ORDAHALLI