Tural İrfan: “İsanın çarmıxa çəkilmiş simvolunu təhqir etmək böyük bir qəbahətdir”
İsrail əsgəri Livanın cənubundakı Dibel kəndində İsa Məsihin heykəlini sındırıb. Bu barədə “Lebanon Debate” məlumat yayıb. “İsrail əsgəri Livanın cənubunda keçirilən basqın zamanı İsa Məsihin heykəlinin başını sındırıb. Bu, vandalizm sosial mediada yayılıb və bir çox istifadəçi arasında qəzəb və hiddətə səbəb olub”, - məlumatda deyilib.
Qeyd edilir ki, hadisəyə şərh verən İsrail ordusu bu cür hərəkətlərin İsrail silahlı qüvvələrinin prinsiplərinə uyğun olmadığını və hadisə ilə bağlı araşdırma aparılacağını bildirib.
Baş verənlərə görə, milyonlarla xristian ayağa qalxıb. İsrail əsgərlərinin İsa Məsihin abidəsinə qarşı törətdiyi vandalism aktı dünyada birmənalı qarşılanmayıb. Xüsusən də İsrail əsgərlərdən birinin heykəlin başını kvaltla əzməsi, İsanın çarmıxa çəkilmiş simvolunu təhqir etməsi ciddi narazılıq doğurub.
Milli Cəbhə Partiyasının sədr müavini, ilahiyyatçı Tural İrfan baki-xeber.com-a bildirdi ki, İsrail hakimiyyəti mədəni dəyərlərə hörmət etmir: “Bu məlumdur ki, İsrailin indiki hakimiyyəti heç bir dini, milli, mədəni dəyərə hörmət eləmir. Başqa insanların inancına qarşı mütəmadi olaraq vandalizm aktları icra edirlər. Müsəlman və xristianların dini dəyərləri İsrail əsgərləri tərəfindən təhqir olunur. İsanın çarmıxa çəkilmiş simvolunu təhqir etmək böyük bir qəbahətdir. İudaizmə görə İsa peyğəmbər hesab olunmur və onu qeyri-qanuni doğulmuş sayırlar. İncili də uydurma hesab edirlər. Amma bu əsas vermir ki, xristianların inancını, Peyğəmbər hesab etdiyi şəxsi təhqir edəsən. Sağlığında İsanı çarmıxa da məhz onlar verib. Roma valisini məcbur ediblər ki, İsanı cəzalandırsın. Nəticədə onu çarmıxa çəkiblər. İmam Hüseyni müsəlmanlar öldürdüyü kimi İsanı da yəhudilər öldürüb”.
T.İrfan hesab edir ki, amma qədim dövrün tarixi hadisələrini bu günə daşımaq, ona qarşı kin aparmaq doğru deyil. İlahiyyatçının sözlərinə görə, tolerant inanca sahib olan xristian aləminə qarşı belə bir hörmətsizlik odla oynamaq deməkdir: “Hər dinin mənsublarının inandığı, müqəddəs, hətta Tanrı saydığı atributlar, varlıqlar onlar üçün toxunulmazdır. Bu toxunulmazlığa əl qaldırmaq ümumbəşəri nizamı poza bilər. Əgər İsrailin niyyətində və məqsədində olduğu kimi "Vəd edilmiş torpaqları" tutub "Böyük İsrail" qura bilsə bütün digər məbədləri yıxacaq, digər insanları kölə edəcəklər. Bu, özlərinin kitablarında dəqiq təsbit olunub. Lakin indidən bu kimi işlərə başlamaqda gələcəkdə nələr törədəcəklərinin mesajını verir. İsraildə dövlət ideologiyası və siyasi xətt irqçilik və separatizm üzərində qurulub, qatı teokratik rejimdir. Bu inanca görə qeyri-yəhudilər yalnız qul, kölə ola bilər. Və onların inancı, dini, mədəniyyəti önəmli deyil. Hətta onların nəinki özləri, uşaqları, heyvanları da öldürülməlidir. Odur ki, bəşəriyyət bu işgəncələrə, vandalizmə hazır olmalıdır”.
İradə SARIYEVA