Rusiya Müdafiə Nazirliyinin Avropanın Kiyev üçün dron istehsalçıları haqqında məlumatları dərc etməsinin ardından Rusiyanın Berlindəki səfiri Sergey Neçayev Almaniya Xarici İşlər Nazirliyinə çağırılıb. Almaniya diplomatik nazirliyinin bəyanatı X sosial media platformasında yerləşdirilib. "Rusiyanın Almaniyadakı hədəflərə qarşı birbaşa təhdidləri Ukraynaya dəstəyimizi zəiflətmək və birliyimizi sınamaq cəhdidir"- Almaniya XİN-in bəyanatında deyilir. Özünə qarşı təhdidlərə imkan verməyəcəyini vurğulayan Nazirlik bu cür açıqlamaları və ölkədəki hər hansı casusluq fəaliyyətini tamamilə qəbuledilməz adlandırıb.
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi Avropa dron istehsalçılarının ünvanlarının siyahısını dərc edib. “Vzglyad" qəzetinin xəbərinə görə, Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bu şirkətləri Rusiya ordusu üçün potensial hədəflər kimi müəyyən edib. Rusiya Müdafiə Nazirliyi Avropa ölkələrinin hərəkətlərini vəziyyəti gərginləşdirmək üçün qəsdən atılmış addım kimi qiymətləndirib.
SAMİRƏ