Bəhruz Quliyev: “Ölkəmizə qarşı selektiv yanaşmaların davam etdirilməsi nə siyasi etikaya, nə də tərəfdaşlıq ruhuna uyğun gəlir”
Belçikanın keçmiş baş naziri Yves Leterme Avropa ölkələrinin Azərbaycana münasibətdə ziddiyyətli siyasət yürütməsini sərt tənqid edib. O, Avropa İttifaqının bir tərəfdən Azərbaycanı müxtəlif məsələlərdə, xüsusilə də insan haqları mövzusunda tənqid etməsini, digər tərəfdən isə enerji böhranı fonunda Bakının qazına ehtiyac duymasını riyakarlıq kimi qiymətləndirib:
“Bir tərəfdən Azərbaycanı bir çox məsələlərdə, o cümlədən insan haqlarının pozulmasında ittiham edirik, digər tərəfdən isə böhran dövründə onlardan bizə daha çox qaz satmalarını istəyirik. Mən Avropa İttifaqının vətəndaşı kimi azərbaycanlıların gözünə baxmağa utanıram. Düşünürəm ki, bu, utancverici vəziyyətdir”.
Sözügedən məsələni baki-xeber.com-a şərh edən “SƏS” qəzetinin baş redaktoru, politoloq Bəhruz Quliyevin fikrincə, Avropa siyasətinin mahiyyətində bəzən prinsiplərlə maraqlar arasında ciddi ziddiyyətlərin olduğu heç kimə sirr deyil: “Lakin bu ziddiyyətlərin artıq açıq etiraf səviyyəsinə gəlib çatması onu göstərir ki, reallıqlar dəyişir və siyasi riyakarlıq maskası getdikcə daha çətin gizlədilir. Yves Letermenin səsləndirdiyi fikirlər də məhz bu kontekstdə xüsusi əhəmiyyət daşıyır. Bu gün Azərbaycan yalnız regionun deyil, bütövlükdə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan etibarlı tərəfdaş kimi çıxış edir. Xüsusilə qlobal enerji böhranı fonunda Azərbaycanın təbii qaz ehtiyatları və həyata keçirdiyi strateji layihələr Avropa İttifaqı üçün alternativ və sabit enerji mənbəyi rolunu oynayır. Belə bir şəraitdə Azərbaycana qarşı selektiv yanaşmaların davam etdirilməsi nə siyasi etikaya, nə də tərəfdaşlıq ruhuna uyğun gəlir. Digər tərəfdən, insan haqları məsələsinin siyasi alətə çevrilməsi artıq yeni bir tendensiya deyil. Lakin bu məsələnin yalnız müəyyən ölkələrə qarşı təzyiq vasitəsi kimi istifadə olunması beynəlxalq hüququn və obyektivliyin ciddi şəkildə zədələnməsi deməkdir. Yves Letermenin “utanıram” ifadəsi əslində Avropanın daxilində də bu siyasətə qarşı narazılığın mövcud olduğunu açıq şəkildə göstərir. Azərbaycan isə öz növbəsində müstəqil siyasət yürüdən, milli maraqlarını əsas götürən və beynəlxalq əməkdaşlığa açıq olan dövlətdir. Azərbaycan heç vaxt təzyiq və ikili standartlar dili ilə danışan tərəfdaşlarla münasibətləri bu müstəvidə qəbul etməyib və etməyəcək. Hesab edirəm ki, Avropa İttifaqı üçün seçim anı artıq yetişib: ya dəyərlər adı altında selektiv siyasəti davam etdirmək, ya da real tərəfdaşlıq prinsiplərinə söykənən, qarşılıqlı hörmətə əsaslanan münasibətlər modeli qurmaq. Əks halda, bu cür ziddiyyətli yanaşmalar nəinki Azərbaycanla münasibətlərə, bütövlükdə Avropanın beynəlxalq nüfuzuna ciddi zərbə vurmağa davam edəcək”.
Vidadi ORDAHALLI