Xaqani Cəfərli: “Ermənistanın əsas öhdəliyi Konstitusiyaya düzəliş edərək Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən məqamları aradan qaldırmaqdan ibarətdir”
Ermənistanda yeni Konstitusiyanın layihə mətni artıq hazırlanıb və “Vətəndaş Müqaviləsi” Partiyasının idarə heyətinin iclasında, eləcə də eyni adlı parlament fraksiyasında müzakirəyə çıxarılacaq. Bu barədə Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan Ədliyyə Nazirliyi yanında İctimai Şuranın ilk iclasında məlumat verib.
Erməni nazir bildirib ki, layihə mövcud idarəetmə sistemindən imtinanı nəzərdə tutmur. Sənəddə hakimiyyət qollarının daha çox desentralizasiyasına və onların balanslaşdırılmasına yönələn dəyişikliklər təklif olunur.
Ermənistan Konstitusiyasında ölkənin Müstəqillik Bəyannaməsinə istinad olunmayacağı vurğulanıb.
Qeyd edək ki, Ermənistan Konstitusiyasında Azərbaycana, Türkiyəyə və digər qonşu ölkələrə ərazi iddiası var və bu səbəbdən də rəsmi Bakı Ermənistandan öz Konstitusiyasını dəyişməyi, oradan ərazi iddiaları əks etdirən bəndlərin çıxarılmasını tələb edir.
Politoloq Xaqani Cəfərli baki-xeber.com-a bildirdi ki, Ermənistanda yeni Konstitusiyanın layihəsinin hazırlanması zamanı Azərbaycanın əsas tələblərindən birinin nəzərə alınması Nikol Paşinyan hökumətinin ötən ilin 8 avqustunda Vaşinqtonda ABŞ-ın prezidenti Donald Trampın vasitəçiliyi başlayan sülh prosesinə sadiq qalmağa çalışmasının göstəricisidir: “Ağ Evdə sülh müqaviləsinin paraflanması ilə tərəflər üzərlərinə öhdəliklər də götürüblər. Ermənistanın əsas öhdəliyi Konstitusiyaya düzəliş edərək Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən məqamları aradan qaldırmaqdan ibarətdir. Sülh müqaviləsinin imzalanması üçün Ermənistan bu öhdəliyini yerinə yetirməlidir. Əgər Ermənistan bunu etməsə Vaşinqtonda başlamış sülh prosesinə zərər verəcək ki, bu ilk növbədə ermənilərin maraqlarına təhlükə yaradır. Ermənistan Azərbaycan üzərində üstünlüyünü Rusiya və İranın dəstəyi ilə qazanmışdı. İndi Ermənistanın bu iki müttəfiqi ağır günlər keçirir. Rusiyanın zəiflədiyi, İranın fəlakətin astanasında olduğu bir zamanda Ermənistan yaranmış bu şəraiti nəzərə almaq məcburiyyətindədir. İndiki vəziyyətdə Ermənistanın yeganə çıxış yolu Azərbaycanla münasibətlərini normallaşdıraraq Türkiyə və Mərkəzi Asiya ölkələri ilə münasibətlərini dərinləşdirməkdən ibarətdir. Digər seçimlər Ermənistan üçün ciddi təhdidlər yarada bilər. Nikol Paşinyan hökuməti də bu prespektivdən yayınmağa çalışır”.
İradə SARIYEVA