İddialara görə, İsrail hökuməti İranla müharibənin şiddətləndiyi bir vaxtda ballistik raketdən müdafiə sistemlərinin kritik səviyyəyə endiyi barədə ABŞ-ı məlumatlandırıb.
ABŞ-ın “Semafor” xəbər portalı Vaşinqtondakı bəzi rəsmilərə istinadən İsrailin ABŞ-a raketdən müdafiə imkanlarının ciddi şəkildə azaldığını bildirdiyini iddia edib.
Xəbərdə istinad edilən ABŞ rəsmiləri İsrailin mövcud münaqişəyə məhdud sayda raketdən müdafiə sursatı ilə girdiyini və xüsusilə İranın intensiv hücumları qarşısında uzaqmənzilli müdafiə sistemlərinin ciddi problemlərlə qarşılaşdığını bildiriblər.
Vaşinqtonun İsrailin aşağı müdafiə imkanlarından xəbərdar olduğunu bildirən bir ABŞ rəsmisi deyib ki, bunu əvvəlcədən gözləyirdik. O, ABŞ-ın özünün raketdən müdafiə sistemlərində oxşar bir problem yaşamadığını vurğulayıb: "Bizdə bazalarımızı, personalımızı və regiondakı maraqlarımızı qorumaq üçün lazım olan hər şey var".
Bundan əlavə, ABŞ prezidenti Donald Tramp bu ayın əvvəlində ABŞ-ın "demək olar ki, limitsiz" sursat ehtiyatına malik olduğunu bildirmişdi.
Qeyd olunur ki, ABŞ-ın bəzi raketdən müdafiə sistemlərini İsrailə satıb-satmayacağı hələlik məlum deyil. Çünki belə bir addım ABŞ-ın daxili hərbi ehtiyatlarına da təzyiq göstərə bilər.
Tahir TAĞIYEV