Firdovsi Şahbazov: “Neftin qiymətinin dünyada kəskin bahalaşması təhlükəli tendensiyadır”
Prezident İlham Əliyev XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında dünyada neft və qazın qiymətlərindəki artıma toxunub:
“Biz neft və qaza olan qiymətlərin görünməmiş dərəcədə artımını müşahidə edirik. Bu da istehlakçılara bir zərbədir. Nəinki istehlakçılara, əgər kimsə düşünürsə ki, qeyri-tarazlı bu qiymətlər yalnız neft hasil və ixrac edən ölkələrin xeyrinədir, yox, bu, belə deyil”.
Prezident sözügedən məsələ ilə bağlı onu da qeyd edib ki, biz daha tarazlaşdırılmış, proqnozlaşdırılmış neft qiymətlərinin tərəfdarıyıq.
Sözügedən məsələyə münasibət bildirən iqtisad üzrə fəlsəfə doktoru Firdovsi Şahbazov baki-xeber.com-a açıqlamasında bildirdi ki, Prezidentin yanaşması iqtisadi reallıqlara əsaslanır: “Həqiqətən də neftin qiymətinin dünyada kəskin bahalaşması təhlükəli tendensiyadır. Ona görə ki, bu, dünyada iqtisadi artımı zəiflədir inflyasiyaya təkan verir. Çünki enerji daşıyıcılarının qiymətinin qalxması sənaye məhsullarının maya dəyərinin artmasına birbaşa təsir göstərir. Bu da həmin məhsulların qiymətinin artmasına gətirib çıxarır. Neftin qiymətinin yüksəlməsi məhsulların daşınma xərclərinə birbaşa təsir göstərir. Bütün bunlar son nəticədə istehlakçılara zərbədir. Ona görə ki, artan qiymətlərə görə onlar əlavə vəsait ödəyirlər. Neft gəlirlərinin artması iqtisadiyyata əlavə vəsait gətirsə də, paralel olaraq inflyasiyanın da yüksəlməsi ilə müşahidə edilir. Nəzərə almaq lazımdır ki, Azərbaycan idxaldan asılı olan ölkədir. Bu baxımdan neftin qiymətinin qlobal miqyasda artması digər məhsul və xidmətlərin də bahalaşmasına öz təsirini göstərir. Enerji daşıyıcılarının bahalaşması logistika və nəqliyyat xərclərini artırır, bu da istehsalın maya dəyərini yüksəldir. O üzdən, neftin qiymətlərinin artması bütün ölkələrə öz təsirini göstərir”.
Vidadi ORDAHALLI