Rəsmi Kreml bildirib ki, Rusiya prezidenti Vladimir Putinin İran, ABŞ və İsrail arasında davam edən müharibə ilə bağlı vasitəçilik təklifləri hələ də qüvvədə qalır. Kremlin sözçüsü Dmitri Peskov açıqlamasında qeyd edib ki, Putin böhranın ilk günlərindən, hətta hərbi mərhələ başlamazdan öncə gərginliyin azaldılması və tərəflər arasında dialoqun qurulması üçün müxtəlif variantlar irəli sürüb.
Peskov əlavə edib ki, Rusiya münaqişənin başa çatması üçün “bacardığı qədər” kömək etməyə hazırdır. Bununla belə, o qeyd edib ki, müharibənin dayandırılması üçün çoxsaylı razılaşmalar və diplomatik anlaşmalar tələb olunacaq.
Kremlin açıqlaması Putinlə ABŞ prezidenti Donald Tramp arasında baş tutan telefon danışığından bir gün sonra səsləndirilib.
Tramp isə Putinin münaqişənin həllində “faydalı olmaq istədiyini” qeyd edib və əlavə edib ki, onun Ukraynadakı müharibəyə son qoymaq üçün də eyni səyləri göstərməsi daha faydalı olardı.
İradə SARIYEVA