İranla müharibənin bundan sonrakı mərhələsinin necə olacağını, nə qədər sürəcəyini və nə edəcəyini heç Trampın özü də dəqiq bilmir.
Bunu "Bakı-Xəbər" Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
A.Quliyev daha sonra yazır:
“Çünki müharibəyə başlayanda olacağına mütləq mənada inandığı tək variant alınmadı - Tramp gözləyirdi ki, Xamneyini öldürən kimi İran xalqı küçələrə töküləcək, SEPAH-ın dəstələri bir-bir rejimə qarşı dönəcək və rejim dağılacaq… Olmadı... Trampı "indi nə etməli" sualında qeyri-müəyyənliyə soxan budur… Odur ki, ziddiyyətli fikirlər söylənilir, icrası çox adamlarda şübhə doğuran bəyanatlar verilir. İranda müxalif etiraz dalğası başlayanda demişdi "möhkəm dayanın, kömək yoldadır, gəlir"… Heç nə gəlmədi. "İranın hər şeyini məhv etdik, gəmiləri, təyyarələri daha yoxdur, rejimin çökməsi hər an baş verə bilər" dedi, nəticə olmadı... İndi müharibənin 6-7 həftə davam edə biləcəyini deyir. "Kürd liderlərlə danışmışam, ayağa qalxacaqlar" dedi... Həmin kürd liderlər bu bəyanatı yalanladılar, "tarixdə neçə dəfə bizi satmış qüvvələrin oyunlarında bir daha alət kimi istifadə olunmarıq" dedilər. Öldürülmüş Xamneyinin yerinə oğlunun təyin olunması xəbəri çıxanda, dedi "o bizim qəbul edəcəyimiz lider deyil və o olsa-olsa ölkəni daha bir beş il qaranlıqlara qərq edəcək"... Yəni dolayı olaraq demək istədi ki, İran rejimini yıxa bilmir və hələ beş il də ona dözməyə məcbur olacaq. "ABŞ ordusu indi dünyanın ən qüdrətli və məğlubedilməz ordusudur" dedi, ardınca isə Ağ Evin Oval kabinetində xristian magiya xadimlərini başına toplayaraq hansısa ovsunlama məqsədli dini mərasim keçirdi və bununla da fikir yaratdı ki, ordusu heç də deyilən kimi hər şeyi bacaran misilsiz qüvvə deyilmiş… Neçə gündür dediyi "bu gün İran daha ağır zərbə alacaq" sözlərini dünya xəbər qurumları hər saatbaşı fırlatsalar da, Pentaqondan xəbər çıxmır...
Hamı deyir ki, raket zərbələri ilə İran rejimi devrilməz, Tramp administrasiyasının isə bundan başqa nəsə edəcəyi hələ görünmür. Araqçı "quru əməliyyatlara hazırıq, gözləyirik, gəlsinlər" dedi... ABŞ "quru əməliyyatlara baş vurmayacaq" dedi. Tramp "İran bizə dialoq təklif etdi, artıq gecdir , dedim" dedi... İrandan "yalandır, biz dialoq xahişi etməmişik" cavabı gəldi...
Bunlar son günlərdə deyilərək özünü doğrultmayan faktiki nümunələrdir...
Trampın qeyri-müəyyənlikdə olduğunu və İranla bundan sonra nə edəcəyini dəqiq bilmədiyini sübut etmirmi?...”
Tahir TAĞIYEV