ABŞ Prezidenti Donald Tramp Floridaya gedərkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb.
Kürdlərin İrana hücumlarda iştirak edib-etməyəcəyi və əgər belədirsə, Suriya və İraqda etdikləri kimi muxtar bölgə yaradıb-yaratmayacağı ilə bağlı suala cavab olaraq Tramp kürdlərin İrana girməsini istəmədiklərini bildirib.
"Biz kürdlərlə çox dostluq edirik, amma müharibəni indikindən daha mürəkkəb etmək istəmirik. Mən kürdlərin ora getməsini istəmədiyimə qərar verdim" – deyə Tramp bildirib.
"Sizcə, İrana hücumlar bitdikdən sonra İranın xəritəsi eyni qalacaqmı?" sualına isə Tramp belə cavab verib: "Dəqiq deyə bilmərəm, amma yəqin ki, yox".
Bundan qısa müddət əvvəl açıqlama verən İsrailin Baş naziri Netanyahu ABŞ-la birlikdə başlatdıqları hücumları tam güclə davam etdirəcəklərini, lakin İranı parçalamağı hədəfləmədiklərini iddia edib.
"Bizim İranı parçalamaq niyyətimiz yoxdur" – deyən Netanyahu hücumların məqsədinin İran rejimini zəiflətmək olduğunu və bununla bağlı planlarının olduğunu deyib.
Tramp İranda qızlar məktəbinə edilən və 168 qızın ölümünə səbəb olan hücuma görə isə İranın məsuliyyət daşıdığını iddia edib.
O, Rusiyanın İrana kömək etdiyinə dair heç bir əlamət olmadığını və hazırda İranla razılığa gəlməyə çalışmadıqlarını bildirib.
Tahir TAĞIYEV