TRIPP layihəsinin məqsədlərindən biri Ermənistan Respublikasının Sünik bölgəsindəki uran yataqları da daxil olmaqla, mineral ehtiyatlar üzərində nəzarəti təmin etməkdir.
Enerji təhlükəsizliyi üzrə ekspert Vahe Davtyan bu barədə özünün “Telegram” kanalında yazıb.
O qeyd edib ki, mineral geologiyası sahəsində aparıcı ekspert, geologiya və mineralogiya elmləri doktoru, professor və akademik Petros Aloyanın 2010-cu ildə nəşr olunmuş kitabında Ermənistandakı əsas uran ehtiyatlarının xəritəsi təqdim olunur: "Vaşinqtonun geoiqtisadi məqsədi nüvə enerjisinin inkişafı inqilabi templə davam edən Çin və Rusiya ilə ayaqlaşmaqdır. Rusiyanın ABŞ bazarına zənginləşdirilmiş uranın ən böyük tədarükçüsü olaraq qalması diqqətəlayiqdir.
Digər məqsəd isə Parisin Niger və Qabonda zəiflədiyi mövqeləri nəzərə alaraq Fransaya uran tədarükünün mümkün şaxələndirilməsinin qarşısını almaqdır. Tramp Avropa bazarına iqtisadi müstəmləkə zonası kimi baxmağa davam edir". Ekspertin sözlərinə görə, TRIPP Vaşinqtonun beynəlxalq Avropa-Qafqaz-Asiya dəhlizində mövcudluğunu effektiv şəkildə təmin edir ki, bu da eyni zamanda bir sıra logistika, enerji, xammal və hərbi-siyasi məsələlərin həllinə imkan verir.
Ramil QULİYEV