Əli Orucov: "Hərbi yük təyyarələrinin Vensın səfəri ərəfəsində Ermənistana və Azərbaycana eniş etməsi çox ehtimal ki, təhlükəsizliklə bağlı ola bilər"
ABŞ-ın hava qüvvələrinin 21 hərbi nəqliyyat təyyarəsi rəsmi səfər üçün Cey Dİ Vensin regiona gəlməsindən əvvəl Ermənistanın paytaxtı İrəvana və Azərbaycana çatıb. Təyyarələrin böyük hissəsi fevralın 4-dən 8-ə kimi uçuşlar edib - 12-si Ermənistana, 9-u isə Azərbaycana enib. Uçuşlar əsasən ABŞ-dakı bazalardan başlayıb və Almaniyada yerləşən Ramştayn hava bazasında yanacaq doldurub. Təyyarələrin çoxu yükdaşıma üçün nəzərdə tutulmuş Boeing C-17A Globemaster III tipində olub, həmçinin xüsusi əməliyyatlar üçün Lockheed Martin MC-130J Commando II təyyarələri də yer alıb. Bu fəaliyyət Vensin rəsmi səfəri ərəfəsində İran ətrafındakı gərginlik kontekstində müzakirə olunur.
Bu təyyarələr doğrudanmı təhlükəsizlik heyəti və texnikası daşıyıb, yoxsa fürsətdən istifadə edib, özləri ilə Cənubi Qafqaza hər hansı bir silah növü daşıyıb?
Amma onu da qeyd edək ki, Vensin İtaliya səfərində də hazırlıq mərhələsində bu ölkəyə ABŞ-ın 14 hərbi təyyrəsi uçuş edib.
Politoloq Əli Orucov Bakı-Xəbər qəzetinə açiqlamasında bildirdi ki, Azərbaycanla ABŞ arasında hərbi əməkdaşlıq son dövrlər genişlənməkdədir. O əlavə etdi ki, eyni əlaqələri ABŞ Ermənistanla da qurur: "Vaşinqton təhlükəsizlik məsələsində tərəfdaşlığa xüsusi önəm verməkdədir. Vitse-prezident D.Vensin regiona 3 günlük səfəri bir daha göstərdi ki, D.Tramp praqmatik mövqe sərgiləyir. Hərbi yük təyyarələrinin Vensın səfəri ərəfəsində Ermənistana və Azərbaycana eniş etməsi çox ehtimal ki, təhlükəsizliklə bağlı ola bilər. Çünki yüksək vəzifəli şəxsin güvənliyi ən yüksək səviyyədə qorunur. Məncə bunu mürəkkəb və həssas dönəmdə regionun ABŞ tərəfindən silahlaşdırılması anlamı vermir. Belə bir hal gərginliyi daha da artırmasına səbəb olar"
Akif NƏSİRLİ