Qazaxıstanda yeni konstitusiya layihəsində rus dilinin istifadəsi ilə bağlı maddənin mətnində dəyişiklik edilib. "Qazax dili ilə bərabər əsasda" ifadəsi "Qazax dili ilə yanaşı" ifadəsi ilə əvəz edilib. Bu barədə "RİA Novosti" məlumat yayıb. Rus mediasına görə, dəyişiklik sadəcə redaksiya xarakteri daşıyır və rus dilinin statusunun yenidən nəzərdən keçirilməsini nəzərdə tutmur. Qazaxıstan Konstitusiya Məhkəməsinin sədr müavini Bakıt Nurmuxanov Konstitusiya layihəsinə edilən dəyişik barədə açıqlamasında bildirib ki, əvvəllər konstitusiya layihəsinin 9-cu maddəsində rus dilinin dövlət qurumlarında və yerli özünüidarəetmə orqanlarında qazax dili ilə bərabər şəkildə rəsmi istifadə olunduğu göstərilirdi. Yeni konstitusiyanın 9-cu maddəsində isə "on" ("bərabər") sözü "katar" ("yanaşı" ) sözü ilə əvəz edilib. Qazaxıstan konstitusiyasına hərtərəfli düzəlişlər prosesini davam etdirir və ölkə parlamenti bunu dövlət arxitekturasının yenidən işlənməsi adlandırır. Qazaxıstanın yeni konstitusiyasının layihəsi 31 yanvar 2026-cı ildə dərc edilib. Əsas Qanunun yeni versiyasının əsas ideyalarına təhsil və elmin inkişafı, mədəniyyət və innovasiyanın dəstəklənməsi və rəqəmsal mühitdə vətəndaşların hüquqlarının qorunması daxildir.
İradə SARIYEVA