İkinci Qarabağ müharibəsi iki ölkə arasında köklü dəyişikliklərə səbəb oldu.
Trend-in məlumatına görə, bu barədə İraqın Strateji Araşdırmalar üzrə Respublika Mərkəzinin sədri Mats Muhi Əbdülhəmid "İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar" mövzusunda bu gün Bakıda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.
O qeyd edib ki, Ermənistan Azərbaycanın torpaqlarını 30 il işğal altında saxlayıb.
“Azərbaycanın qazandığı zəfər Qərb mətbuatında qısqanclıq hissi ilə dərc edilirdi. Ermənilərin azərbaycanlılara qarşı törətdiyi kütləvi qırğınlar onların necə qəddar olduqlarının göstəricisidir.
İslamofobiya hazırda dünyada geniş formada yayılıb. Müsəlmanlara qarşı yürüdülən ikili siyasət hər birimizi narahat edir. Qərb dövlətlərinin bəzisi İkinci Qarabağ müharibəsində də Ermənistanı dəstəkləyirdi, baxmayaraq ki, o təcavüzkar dövlət idi. Təəssüflər olsun ki, Qərb mediası bu məsələdə Azərbaycanı dəstəkləmirdi. Buna sanki müsəlman və qeyri-müsəlman müharibəsi kimi yanaşırdılar. Onlar heç Qarabağda dağıdılan məscidlərdən yazmırdı. Mən özüm Qarabağda məscidlərin ermənilər tərəfindən dağıdılmasına, müxtəlif təhqirlərə məruz qalmasına şahid oldum. Ermənilər hətta öz dağıtdıqları kilsələri belə Azərbaycanın hərəkəti kimi göstərməyə çalışdı”, - deyə o əlavə edib.