Fransa artıq xristian cəmiyyət yox, xristianlıqdan azad edilən cəmiyyətdir. Fransa hərəkətləri yox, düşüncələri kriminallaşdırır.
Bu barədə politoloq və ərəbşünas, Elmi Araşdırmalar üzrə Fransa Milli Mərkəzində fəxri baş elmi işçi Fransua Burqat “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda beynəlxalq konfransın panel iclasında çıxışı zamanı deyib.
F.Burqat qeyd edib ki, Fransada olan islamofobiyanın digər bir səbəbi “Fransa üslublu dünyəvilik”dir: “Fransa cəmiyyəti dövlət islamofobiyasına doğru gedir. 10 il əvvəl müsəmanlarla bağlı kiçik bir mübahisə olsa, onu kriminallaşdırardı. Artıq Fransa hərəkətləri yox, düşüncələri krimanallaşdırır. Müsəlman vətəndaşların Avropa fikirləri krimanallaşdırılıb”.
“Avropanın heç bir ölkəsində Fransa qədər miqrantlara qarşı amansız, qeyri-insani siyasət aparılmır”
Məsələyə münasibət bildirən “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin fikrincə, Fransada islamofobiya dövlət siyasəti səviyyəsində tətiklənir: “Fransa dövləti məqsədyönlü şəkildə bu siyasətə rəvac verir. Orada yaşayan müsəlman əhali hədəf alınır, onların sərbəst şəkildə ibadət etmələrinə imkan verilmir. Ölkədəki güc strukturlarından bu məqsədlə istifadə edilir. Rəsmi Paris tolerantlığa, dini dözümlülüyə qarşı siyasət yürüdür. Avropanın heç bir ölkəsində Fransa qədər miqrantlara qarşı amansız, qeyri-insani siyasət aparılmır. Xüsusən də müsəlman ölkələrindən olan miqrantlara sözün əsil mənasında divan tutulur. Polis zorakılığından tutmuş digər qeyri-insani davranışlara yol verilir. Fransa cəmiyyəti müsəlmanlara qarşı nifrət ruhunda böyüdülür. Fransa bununla mövcud olan bəşəri dəyərlərə ən böyük zərbəni vurur. Baxmayaraq ki, Fransa Avropada inqilabların beşiyi olub, bir sıra mütəfəkkirlərin vətəni olub. Xüsusən də 2017-ci ildə Emmanuel Makron prezident seçiləndən sonra Fransada islamofobiya daha geniş vüsət almağa başladı. Müxtəlif səviyyələrdə müsəlmanların sıxışdırılması geniş miqyas aldı. Milli, dini, irqi ayrıseçkilik tədricən ölkənin dövlət siyasətinə sirayət edib. Bu da dünyada baş verən proseslərdə kifayət qədər təhlükəli nüanslar yaradır. Fransa indinin özündə də əvvəlki müstəmləkələrinə yuxarıdan aşağı baxır. İnsanlığa, bəşəriyyətə qarşı yönəlmiş bir siyasət yürüdür. Ona görə də Fransa cəmiyyətində aqressiya, mənəvi aşınma, digər millətdən olanlara qarşı təhrikçilik güclənir. Niyə? Ona görə ki, bu, dövlət siyasəti səviyyəsində həyata keçirilir. Ona görə də, həm islam ölkələri, həm də bəşəri dəyərlərə hörmət edən ölkələr Fransanın bu siyasətinə qarşı birləşməlidilər. Eyni zamanda, Fransanın rəzalət doğuran siyasətini ifşa etməlidirlər”.
Vidadi ORDAHALLI