Almaniya "Dağlıq Qarabağ"ı respublika kimi tanımamışdı. Məlum olduğu kimi, bunu Berlində Almaniya Kansleri Olaf Şolts Prezident İlham Əliyevlə birgə keçirilən mətbuat konfransında sualları cavablandırarkən deyib.
Məlumat üçün qeyd edək ki, daha əvvəl Ermənistan Baş naziri Nikol Paşinyanın Almaniya səfəri zamanı bu məsələ müzakirə olunmuşdu. Erməni mediası Almaniya Kansleri Olaf Şoltsun açıqlamasını fərqli formada tirajlamışdı. Erməni mediasında qeyd olunurdu ki, guya Olaf Şolts "Dağlıq Qarabağ" vətəndaşlarının öz müqəddəratını təyinetmə hüququ baxımından sülh yolu ilə həllə nail olunmasına böyük əhəmiyyət verir. Görüşdən sonra Almaniya hökumətinin saytında Almaniya kansleri Olaf Şoltsun sözügedən açıqlaması isə qeyd olunmamışdı, bu da ermənilər tərəfindən ciddi narazılıqla qarşılanmışdı.
Budəfəki açıqlamasında isə Şolts növbəti dəfə erməniləri məyus edib. Ermənilər ciddi cəhdlə elə bir görüntü yaratmağa çalışırdılar ki, guya Alamaniya siyasi rəhbərliyi onların separatçı fəaliyyətini dəstəkləyir. Lakin Prezident İlham Əliyevlə birgə keçirilən mətbuat konfransı zamanı Almaniya Kansleri Olaf Şolts jurnalistin "Siz Qarabağı Azərbaycan ərazisi kimi tanıyırsızmı" sualına "Beynəlxalq səviyyədə Almaniya "Dağlıq Qarabağ"ı respublika kimi tanımamışdı və bununla da o vaxt Almaniya öz mövqeyini bildirmişdi" deyə cavablandırdı. Bu o deməkdir ki, Almaniya kansleri Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığını birmənalı qəbul etdi və nöqtə qoydu. Bu baxımdan Qarabağ münaqişəsinin həllindən sonra mövcud olan problemlərə münasibətdə Almaniyanın mövqeyinin dəqiqləşməsi və konkretləşməsi yönümündə Prezident İlham Əliyevin bu ölkyə səfərinin əhəmiyyətini ekspertlər necə dəyərləndirir?
“Bu baxımdan Prezident İlham Əliyevin səfəri mühüm əhəmiyyətə malikdir”
Məsələyə münasibət bildirən Yeni Yol Partiyasının sədri Ramil Hüseynovun fikrincə, Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri bu baxımdan mühüm əhəmiyyətə malikdir: “Məsələ ondadır ki, bu yaxınlarda Ermənistan Baş naziri Almaniyada səfərdə olarkən kansler Şoltsun Qarabağ ermənilərinin öz müqəddəratını təyinetmə hüququ haqqında dedikləri böyük rezonansa səbəb oldu. Düzdür, Almaniyanın rəsmi informasiya saytlarında onun bu fikirləri yer almadı. Məlumata görə, Azərbaycanın izahat tələb etməsindən sonra həmin fikirlər çıxarıldı. Ancaq buna baxmayaraq, Almaniyanın Qarabağla bağlı siyasəti ilə əlaqədar Azərbaycanda bir narahatlıq var idi. Ən azından ona görə ki, Almaniya sıradan bir ölkə deyil. Almaniya iqtisadi baxımdan Avropa İttifaqının lokomotividir. Son illər siyasi nöqteyi-nəzərdən Almaniyanın dünya siyasətində fəallığı artır. Düzdür, Almaniya Azərbaycan müstəqillik əldə edəndən bəri ölkəmizin ərazi bütövlüyünü tanıyır. Ancaq 44 günlük şanlı Vətən müharibəsindən sonra tamamilə yeni situasiya yarandı. Azərbaycan ərazi bütövlüyünü təmin etdi. Bu baxımdan Almaniyanın hansı mövqedə olması maraq doğururdu. Çünki Almaniyada müəyyən dairələr Azərbaycana qarşı tənqidi mövqedən çıxış edir və erməni lobbisi ilə əməkdaşlıq edirdilər. Ən nəhayət, uzun fasilədən sonra Almaniyada yeni qüvvələr hakimiyyətə gəldi. Bu və digər məsələlərlə əlaqədar Almaniyanın Qarabağ məsələsi ilə bağlı mövqeyi maraq doğururdu. Bu baxımdan Prezident İlham Əliyevin səfəri mühüm əhəmiyyətə malikdir. Mətbuat konfransında Şoltsun Qarabağ məsələsi ilə bağlı sərgilədiyi konkret mövqe bütün şübhələrin üstündən xətt çəkdi. Bir daha bəlli oldu ki, Almaniyanın Azərbaycanın ərazi bütövlüyü və Qarabağla bağlı mövqeyi dəyişməzdir”.
Vidadi ORDAHALLI