Məlum olduğu kimi, Bakıda “İslamofobiya irqçiliyin və ayrıseçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda beynəlxalq konfrans işə başlayıb.
İki gün davam edəcək konfransın əsas məqsədi beynəlxalq və milli səviyyədə müsəlmanları və əhalisinin əksəriyyəti müsəlman olan ölkələri hədəf alan həyəcanverici tendensiyaları müzakirə etmək üçün akademik platforma yaratmaqdır. Xüsusilə konfransda islamofobiya ilə mübarizədə kəsişən yanaşma, bəzi Avropa ölkələrində islamofobiyanın təzahürləri, dünya mediasında islamofobiya mövzularında müzakirələr aparılacaq.
“Müsəlman və Şərq aləmi üçün belə bir konfransın keçirilməsi önəmlidir, çünki…”
Konfransın əhəmiyyəti haqqında danışan ilahiyyatçı Tural İrfan “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, müsəlman və Şərq aləmi üçün belə bir konfransın keçirilməsi önəmlidir. Belə bir mövzuda konfransın ölkəmizdə keçirilməsi də əhəmiyyətlidir: “Ancaq bunun görünən və görünməyən tərəfləri var. Görünən tərəfi odur ki, Şərq aləmində irqi ayrıseçkilik yoxdur. Ancaq bunun alt qatında Qərbin müsəlman, Şərq aləminə qarşı istismarçı siyasət yeritməyə çalışması da var. Sadəcə bu sərhədləri gözləmək şərtilə bu kimi konfransların keçirilməsi təqdirəlayiqdir. Məlumdur ki, son zamanlar Qərb gender bərabərliyi, islamafobiya terminini daha çox qabardır, dini tolerantlıq mövzusuna önəm verdiyini açıqlayır. Sanki Qərb bu mövzularla bağlı Şərq aləminə dərs deyir. Onların etdiyi məlum hərəkətdən belə nəticə çıxır ki, müsəlman və Şərq aləmində bu hallar mövcuddur. Ancaq əslində bu kimi konfranslar xristian aləmi, Qərb üçün lazımdır. Şərq də Qərbin, xristian aləminin qarşısına bu məqsədləri qoysun ki, biz tolerant olduq, ayrıseçkilik etmədik, ancaq Avropa müsəlmanlara qarşı kin bəsləyir. Bəşəriyyətə qarşı beynəlxalq cinayətlər törədənlərin hamısı xristian dininə mənsubdur. Şübhəsiz ki, biz tolerantıq və dözümlüyük, ancaq qarşılıq da gözləyirik. Ermənistanın Azərbaycana qarşı törətdiyi vəhşilik, genosid Qərb tərəfindən lazımi qiymət almayıb. Avropa Xocalı soyqırımını lazımi səviyyədə tanımır. Həmçinin, Fransanın Əlcəzairdə törətdiyi qətliamlar və digər faktlar onu göstərir ki, Qərb aləmi müsəlmanlara qarşı xoş münasibətdə deyil”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, islamofobiya mövzusunda konfransın ölkəmizdə keçirilməsi vacibdir: “Qeyd etdiyim kimi, islamofobiya bu gün Avropada yaşanır. Qərbdə peyğəmbərimizin karikaturası çəkildi və təhqir edildi. Bu kimi faktlar yetərincədir. Qərb hər zaman Şərq aləminə yuxarıdan aşağı baxıb. Ancaq unudurlar ki, istənilən sahədə inkişaf dünyada ilk olaraq Şərqdən başlayıb. Xüsusən də Azərbaycan dünyaya nümumə olası ölkədir. Çünki bizdə tolerantlıq, multukulturalizm kimi hallar mövcuddur. Bu baxımdan belə bir tədbirin ölkəmizdə keçirilməsi əhəmiyyəlidir”.
Günel CƏLİLOVA