Almaniyaya rəsmi səfəri çərçivəsində martın 13-də Berlində Prezident İlham Əliyevin Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşü olub.
Müxtəlif şirkətlərin rəhbərlərinin toplaşdığı görüşdə Prezident Əliyevlə almaniyalı iş adamları arasında çox əhəmiyyətli dialoq baş tutub.
Qeyd edək ki, Prezident ona ünvanlanan bütün sualları çox yüksək səviyyədə cavablandırıb və onlarla fikir mübadiləsi, müzakirələr aparıb.
Görüşdə “ODDO BHF” maliyyə qrupunun baş regional meneceri Yevgeni Epifanovun “...Sizin qeyd etdiyiniz kimi, Rusiya-Ukrayna müharibəsi Azərbaycan kimi ölkələrə yeni imkanlar açıb. Biz artıq Azərbaycanda təmsil olunur, Azərbaycan Beynəlxalq Bankı və “Paşa Bank” ilə əməkdaşlıq edirik. Biz böyük layihələri dəstəkləməyə hazırıq. Biz İqtisadiyyat Nazirliyinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Almaniyanın ixrac agentlikləri arasında əməkdaşlığını təşviq etməyə hazırıq. Bizim ötən ilin oktyabrında Mərkəzi Bankın sədri Taleh Kazımovla da səmərəli görüşümüz oldu” fikrinə
Prezident İlham Əliyev “…Yəqin bilirsiniz ki, bizim qonşuluğumuzda sanksiyalardan yayınma kimi qanunsuz fəaliyyətlə məşğul olanlar var. Belə məlumatlar mövcuddur. Həmin ölkənin ingilis dilində adı da “A” ilə başlayır, lakin bu Azərbaycan deyil. Bu sirr deyil, bütün rəqəmlər bəllidir. Biz gözləyirik ki, onlara bu əməllərinə görə sanksiyalar tətbiq olunsun. Yaxud ümumiyyətlə, buna görə onlara sanksiya tətbiq ediləcəkmi? Müxtəlif dövlətlərin nüfuzlu rəsmi nümayəndələrinin dediklərinə nəzər salsanız anlayarsınız ki, bu çirkli bizneslə kim məşğul olur.
Azərbaycan bu işlə məşğul deyil və bu prosesin ilk günlərindən mənim bununla bağlı təlimatım aydın olub - paralel idxala və sanksiyalardan yayınma üçün hər hansı fürsətə imkan verilməsin. Biz qanuna tabe ölkə və xalqıq. Bizim başağrısına və çirkli pullara ehtiyacımız yoxdur. Əldə etdiyimiz vəsait özümüzə kifayətdir və biz maliyyə bazarlarında da müsbət imicimizi qoruyuruq…”-deyə cavab verib.
Qeyd edək ki, martın 14-də Prezident İlham Əliyev və Almaniya Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər. Sözügedən konfransda Azərbaycanın İctimai Televiziyasından Fikrət Doluxanov Almaniya Kanslerinə “ Cənab Kansler, sualım Sizədir. Statistikaya baxsaq görərik ki, 2021-ci ildə Almaniyanın Ermənistana ixracı 178 milyon avro təşkil edib. 2022-ci ildə isə bu rəqəm artıq 505 milyon avroya çatıb. Eyni zamanda, Avropa İttifaqının Ermənistana ixracı 2021-ci ildə 753 milyon avro idisə, 2022-ci ildə artıq bu rəqəm 1,3 milyard avroya çatdı. Maraq doğuran fakt odur ki, Ermənistanın Rusiyaya ixracı 2021-ci ildə 800 milyon dollar idi. 2022-ci ildə isə bu rəqəm üçqat artdı və faktiki olaraq 2,4 milyard dollara çatdı. Bu təəccüb doğuran rəqəmlər Avropa İttifaqında və Almaniyada araşdırılırmı? Çünki bu rəqəmlər faktiki olaraq Ermənistanın Rusiyaya qarşı qoyulan sanksiyalardan yayınmasını göstərir, sübut edir. Bu, Almaniya və Avropa İttifaqı tərəfindən araşdırılacaqmı və Ermənistan bu fəaliyyətə görə hansı formada cəzalandırıla bilər?”-deyə sual verib. Almaniya Kansleri Olaf Şolts azərbaycanlı müxbirin sualına belə cavab verib: “...Qısaca cavab verim. Biz müxtəlif ölkələrin ixraca-idxala aid müxtəlif rəqəmlərinə baxmışıq, nəzərdən keçirmişik, həm Almaniyada, həm Avropa İttifaqı üzrə. Harada artmalar nəzərə çarpır, təbii ki, yoxlayırıq, iqtisadiyyatın inkişafı iləmi əlaqədardır, nə ilə əlaqədardır? Avropa İttifaqının adi bir rutinasıdır ki, dünyada hər bir ölkəyə diqqətlə baxsın. Bununla əlaqədar müvafiq ofislər var, hansı ki, bununla birbaşa məşğuldurlar. Biz hamıya deyirik, hər bir ikitərəfli danışıqlarda da deyirik, xahiş edirik diqqət yetirin ki, sanksiyalardan yan keçilməsin. Avropa Komissiyasının prezidenti də bu fikri açıq şəkildə bildirmişdir...”
İlham Əliyevin Almaniyaya səfərindən sonra Ermənistana sanksiyalardan gizli şəkildə yan keçdiyinə görə müəyyən sanksiyaların tətbiq olunma ehtimalı nə qədər artdı?
Politoloq Tural İsmayılov “Bakı-Xəbər”ə “Mənə elə gəlir, kollektiv Qərb yaxşı fərqindədir ki, bu gün Ermənistan ciddi şəkildə həm Rusiyaya, həm də Qərbə qarşı ikili oyunlar oynayır. Ona görə də Ermənistan hakimiyyətinin təkcə Rusiya ilə münasibətləri zədələnməyib, eyni zamanda Qərbin içərisində də Ermənistanın mövqeyini qəbul etməyən çoxsaylı qüvvələr mövcuddur. Özəlliklə, cənab Prezidentin Almaniyaya səfəri və bu səfər kontekstində mətbuat konfransında səslənən fikirlərlə Ermənistanın Rusiya sanksiyalarını dağıtmağa çalışdığı, həmçinin guya Rusiyanın əleyhinə siyasət yürütdüyünü göstərsə də, əslində birmənalı şəkildə Rusiyanın sanksiyalarından yan keçərək Avropaya xəyanət etdiyi ortaya çıxmış oldu”-deyə bildirdi.
T.İsmayılov hesab edir ki, Ermənistanın sanksiyalardan gizlin şəkildə yan ötməsi, yayınması artıq ifşa olunub və bunu Azərbaycan Prezidenti almaniyalı iş adamları ilə görüşdə xüsusi vurğuladı. “Əlbəttə ki, Almaniya Fransadan fərqli olaraq bu məsələdə daha ehtiyatlı və diqqətli davranacaq. Hesab edirəm ki, Almaniyadan Ermənistana çox sərt təzyiqlər ola bilər, siyasi mənada ciddi mesajlar veriləcək. Hər halda ədalət və obyektivlik naminə Almaniyanın tamamilə Ermənistana iqtisadi embarqolar tətbiq edəcəyini düşünmürəm, amma əmin olmaq olar ki, qapalı qapılar arxasında Almaniya və Ermənistan arasında çox ciddi narazlıqlar hökm sürəcək”-deyə T.İsmayılov qeyd etdi.
T.İsmayılov əlavə etdi ki, Azərbaycan Prezidenti Ermənistanın bu sahədə də əməllərini ifşa etdi və Qərb dövlətləri onunla bağlı kəskin mövqe ortaya qoysalar daha məntiqli və ədalətli olardı.
İradə SARIYEVA