Məlum olduğu kimi, Rusiya sülhməramlı kontingentinə məxsus iki UAZ “Patriot” markalı avtomobilin erməni separatçılarının üç UAZ avtomobilini müşayiət etdiyini əks etdirən yeni görüntülər yayılıb. Maşınlar Xankəndi-Xəlfəli-Turşsu yolu ilə hərəkət edir.
Daha əvvəl Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistan tərəfindən Azərbaycanın Qarabağ iqtisadi rayonunda yerləşən qanunsuz erməni silahlı birləşmələri üçün silah, döyüş sursatı, mina, ləvazimat və digər hərbi vəsaitin tədarükü, habelə bu yolla şəxsi heyətin döyüş mövqeyinə aparılması və rotasiyası Azərbaycanın suverenliyini və üçtərəfli bəyanatın müddəalarını kobud şəkildə pozmaqla ölkəmizə qarşı hərbi təcavüzün davam etdiyindən xəbər verir. Baş verən hadisələr bir daha Azərbaycan tərəfindən Laçın yolu üzərində nəzarətin müəyyən edilməsinin zəruri və qaçılmaz olduğunu təsdiqləyir.
Digər tərəfdən, bir halda ki onlar bizim mövqelərdən görünür, həm də qanunsuz sürsat daşıyırlar, o zaman həmin avtomobillər niyə də vurulmasın? O baxımdan, Xankəndi-Xələfli-Turşsu yolu ilə sülhməramlıların müşayəti ilə hərəkət edən qanunsuz silahlıları necə məhv etmək olar?
“Xankəndi-Xəlfəli-Turşsu yolunda yaşananlar təkcə Ermənistanın atacağı addım deyil”
Məsələyə münasibət bildirən hərbi ekspert İbrahim Rüstəmlinin fikrincə, məlum təxribat təkcə Ermənistanın iradəsi ilə törədilmir: “Qarabağla bağlı Rusiya, Fransa başda olmaqla bir sıra dövlətlər Azərbaycanın suverenliyini həzm etmək istəmirlər. Ona görə də bu, həmin ölkələrin növbəti təxribat hadisəsidir. Nəzərə almalıyıq ki, ötən 30 il ərzində bizim hüquqlarımız çox kobud şəkildə pozulub. Baxmayaraq ki, dünya birliyi Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Baxmayaraq ki, bizim haqqımız tapdalanıb. Ancaq bütün bunlara baxmayaraq, heç nə etmədilər. Ermənistana siyasi təzyiq belə göstərmədilər. Deməyim odur ki, Xankəndi-Xəlfəli-Turşsu yolunda yaşananlar təkcə Ermənistanın atacağı addım deyil. Ermənistanı bu addımı atmağa vadar edən güclər var. O güclər ki, Qarabağ məsələsinin həll olunmasını istəmirlər. Hər vasitə ilə çalışırlar ki, erməni separatçıları ayaqda qalsın. Düzdür, bu gün Azərbaycan dövləti balanslaşdırılmış siyasət aparır. Ölkə rəhbətliyinin yeritdiyi bu siyasət özünü hərbi sahədə də göstərir. Bir dəfə Prezident İlham Əliyev qeyd etdi ki, nəyi nə vaxt etməyi mən bilirəm. Deməyim odur ki, proseslərin gedişini daha dərindən dəyərləndirmək üçün, bilavasitə hadisələrin içində olmaq lazımdır. Siyasi proseslərin elə tərəfləri var ki, gərək məqamı gözləyə biləsən. O baxımdan hərtərəfli uyğun məqam yaranan kimi, silah daşıyan həmin avtomobillər məhv edilməlidir. Biz uzun illər səbr etdik və nəticədə ərazilərimizin böyük hissəsini işğaldan azad etdik. Bundan sonra da nəticəsi o cür olar və buna heç kəsin şübhəsi olmasın. Baxmayaraq ki, bizə müəyyən təzyiqlər var. Bu baxımdan hesab edirəm ki, tələsik və vaxtından əvvəl atılan hansısa addım bizə risqlər yarada bilər. Hamımız istəyirik ki, erməni silahlı birləşmələri silah daşıyarkən məhv edilsin. Ancaq bizdən asılı olmayan səbəblərdən, ola bilsin, proses hələ davam etsin”.
Vidadi ORDAHALLI