Azərbaycan Prezidenti Administrasiyası Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini reinteqrasiya ilə bağlı təmasların davam etdirilməsi, habelə Qarabağda infrastruktur layihələrinin reallaşdırılması məsələlərinin müzakirəsi üçün ikinci görüşə dəvət edir.
Bu barədə Prezident Administrasiyası məlumat yayıb.
"Görüşün yaxın günlərdə Bakı şəhərində keçirilməsi təklif olunur", - məlumatda deyilir.
Görüşün Bakıda olması nə verər? Ən maraqlısı odur ki, hələ də Ermənistan buna reaksiya verməyib. Üstəlik, Rusiya və Qərbdən də buna reaksiya yoxdu.
“Bu, Qərbə də mesajdır ki, Azərbaycan onların buradan getməsinə deyil, yüksək səviyyədə qəbul etməyə hazırdır”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadə Bakının məlum təşəbbüsünü müsbət dəyərləndirdi: “Azərbaycan Qarabagdaki erməni icmasına Bakıda yaşayan ermənilərin birini icma sədri göndərsin. Qarabağda yaşayan erməniləri ikinci görüşə Prezident Administrasiyasının Bakıya dəvət etməsi unikal bir təklifdir. Azərbaycan hakimiyyəti birbaşa öz vətəndaşi saydığı ermenilərlə dialoqa gedir. Bu, Qərbə də mesajdır ki, Azərbaycan onların buradan getməsinə deyil, yüksək səviyyədə qəbul etməyə hazırdır. Ancaq Rusiya buna imkan verməyə bilər. Biz nəzərə almalıyıq ki, Qarabağda yaşayan erməni icması müvəqqəti Rusiyanın əsirliyindədir. Bunun nəticəsidir ki, Xankəndidəki separatçı rejim Prezident Administasiyasının Qarabağdakı erməni əhalisi ilə növbəti görüşün Bakıda keçirilməsi təklifinə ermənilərin adından “yox” deyib. Separatçılar görüşün yalnız Rusiya sülhməramlılarının vasitəçiliyi ilə keçirilməsi və humanitar, infrastruktur, texniki məsələləri müzakirə etmək istədiklərini bildirib. Azərbaycan tərəfi isə heç bir vasitəçisiz danışıqlara hazırdır. Bu, bir daha onu göstərir ki, Rusiya vasitəçi olmadan tərəflər arasında danışıqların olmasını istəmir. Onu da qeyd edim ki, Bakıda yaşayan uzun müddət Qarabağ ermənisi olmamış olmaz. Erməni icmasının nümayəndəsi kimi elə biri varsa, danışıqlarda istifadə etmək olar. Qarabağda ermənilərin çıxış yolu yalnız reinteqrasiyadır. Əgər onlar bunda qərarlı olsalar, Rusiya da buna mane ola bilməz. Yaxin zamanlarda Laçın yoluna nəzarət buraxılış məntəqəsi qurduqdan sonra bütün bu kimi erməni və rus təxribatlarina son verə bilərik. Məşhur kinoda deyildiyi kimi -"Bunların nazi ilə çox oynayırıq ha, Kərbəlayi!" Ermənilərin və Rusiya sülhməramlı qüvvələrinin nazi ilə çox oynamaq əleyhimizə işləyə bilər. Ermənistan Laçın dəhlizinə BMT faktaraşdıricı missiyasını dəvət etmək istəyir. Biz buna imkan verməməliyik. Əfsuslar olsun ki, Qərb Azərbaycanın xoşməramlı təşəbbüslərinə arzuedilən reaksiyanı ya vermir, ya da buna tələsmir. Bənzər addımı Ermənistan atsaydı, dərhal bunu möhtəşəm sülhməramlı addım kimi alqışlayardılar. Azərbaycana gəldikdə isə bənzər reaksiya verməyi sanki əsirgəyirlər”.
Vidadi ORDAHALLI