"Hesab edirəm, Fransanın bu addımı, bu qərarı onun nə qədər riyakar bir siyasət həyata keçirdiyini göstərir. Bir tərəfdən Fransa Azərbaycana təzyiq etməyə çalışır, Azərbaycanı nələrdəsə ittiham etməyə cəhd edir. Guya Qarabağda yaşayan ermənilərin hüquqları pozulur, guya "humanitar fəlakətlə" üz-üzə qalıblar, Azərbaycan xalqı Qarabağdakı ermənilərə qarşı guya hansısa "qərəzli siyasəti" həyata keçirir, guya onların hüquqlarını pozur və s.
Bunun heç bir əsası yoxdur. Fransanın Korsika ilə bağlı belə bir qərar qəbul etməsi bu dövlətin nə dərəcədə riyakar olduğunu açıq-aydın göstərir. Belə bir addım atması, belə mövqe, yanaşma sərgiləməsi əslində onun riyakarlığının göstəricisidir. Korsikada yaşayan insanların hüquqları uzun illərdir pozulur. Onlar uzun müddətdir hansısa işgəncələrə, hüquqlarının pozulmasına məruz qalırlar, amma bununla bağlı biz Fransanın heç bir addım atdığını görmürük. Bizim gördüyümüz odur ki, Fransa hələ də burada yaşayan insanların hüquqlarını pozmağa davam edir".
Bunu "Bakı-Xəbər"ə millət vəkili Ceyhun Məmmədov Fransanın Korsika adasında korsikan dilinin istifadəsini qadağan etməsinə münasibət bildirərkən deyib.
C.Məmmədov qeyd etdi ki, son atılan addım, qəbul edilən qərar bir daha bu ölkənin riyakar mahiyyətini, saxtakarlığını ortaya qoyur. Millət vəkili bildirdi ki, bu gün Fransanın Azərbaycanı nədəsə ittiham etməyə haqqı, hüququ yoxdur. "Fransa getsin Korsikada yaşayan insanların pozulmuş hüquqlarının bərpası, təmin olunması, qorunması üçün konkret addımlar atsın. Gəlib Azərbaycana qarşı hansısa ittihamlar irəli sürməyə nə mənəvi, nə də hüquqi haqqı var. Bu gün Azərbaycan öz erməni vətəndaşlarının hüquqlarının qorunması üçün, onların bu proseslərdə hüquqlarının qorunması üçün gərəkən bütün addımları atır"-deyə C. Məmmədov bildirdi.
İradə SARIYEVA