Azərbaycanın inkişafı bizə öz resurlarımıza güvənmək imkanını verdi. Ölkə iqtisadi cəhətdən müstəqildir və bu da hökumətimizin ən əsas hədəflərindən biri idi. Bu sözləri Prezident İlham Əliyev Berlində Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşdə deyib.
Ölkə başçısının sözlərinə görə, Azərbaycan bir sıra layihələri tamamlamaq üzrədir: “Biz əslində beynəlxalq maliyyə institutları tərəfindən maliyyələşdirilən layihələrin həyata keçirilməsini tamamlamaq üzrəyik. Son iyirmi il əsasən enerji sektoru sayəsində sürətli iqtisadi artım illəri olmuşdur. İndi isə hədəf iqtisadiyyatımızın daha çox şaxələndirilməsi üzərində işləməkdir. Çünki ÜDM-in tərkibinə gəldikdə, ÜDM-in əksər hissəsi qeyri-enerji sektorunun payına düşür. Lakin biz hələ də əsasən neft və qazı ixrac edirik”.
Bütün bu deyilənlərin fonunda, ola bilərmi ki, Azərbaycan xarici maliyyə institutlarının dəstəyindən tam imtina etsin?
“Xarici borcun ümumi daxili məhsulda payının aşağı həddə saxlanılması əsas prioritetlərdən biridir”
Məsələyə münasibət bildirən millət vəkili Vüqar Bayramov buna bir neçə aspektdən yanaşdı: “Əvvəla, Azərbaycan xarici, beynəlxalq maliyyə təşkilatları ilə əməkdaşlığı davam etdirir. Dünya Bankı ilə, o cümlədən, Asiya İnkişaf Bankı ilə əməkdaşlıq var və bu istiqamətdə yeni imkanlar dəyərləndirilir. Ancaq bütün bunlara baxmayaraq, Azərbaycan xaricdən borclanmanı artıq özü üçün prioritet hesab etmir. Əslində bu gün Azərbaycanın beynəlxalq maliyyə qurumları ilə münasibətləri və əməkdaşlığı daha çox qarşılıqlı, faydalı, müstəqil əməkdaşlıq üzərində qurulub. O baxımdan Azərbaycanın mövqeyi ondan ibarətdir ki, xarici borcun ümumi daxili məhsulda payının aşağı həddə saxlanılmasına nail olunsun. Bu da əsas prioritetlərdən biridir. Eyni zamanda, digər beynəlxalq maliyyə qurumları ilə əməkdaşlığın da birbaşa qarşılıqlı faydalılıq əsasında qurulmasıdır. Ona görə də beynəlxalq maliyyə qurumları ilə əməkdaşlıq var və bu davam edir. Ancaq bütün hallarda Azərbaycanın mövqeyi ondan ibarətdir ki, xarici borclanma indiki halda əsas prioritet deyil. Azərbaycan praktik olaraq xarici borcun ÜDM-dəki payını aşağı həddə saxlamaqda davam edəcək. Bütün hallarda, düşünmürəm ki, xarici maliyyə qurumları ilə əməkdaşlıqdan tamamilə imtina edilsin. Ancaq xarici borcun minimuma endirilməsi prioritetdir və bir neçə ildir bu istiqamətdə praktiki işlər görülür. Biz maksimum çalışmalıyıq ki, ölkədə qeyri-neft sektoru daha da inkişaf etsin. Rəqabətə davamlı məhsullar istehsal edilməlidir və bu məhsullar ixrac olunmalıdır. Bu zaman həm də xaricdən asılılıq əhəmiyyətli dərəcədə azalacaq. Yəni idxal azalacaq. O üzdən hesab edirəm ki, bu yöndə səylər daha da artırılmalıdır”.
Vidadi ORDAHALLI